Mərkəzin Rəisi Fazil Həsənəliyev Qazaxıstan Respublikasında işgüzar səfərdə olub

4–5 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elmi-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev Qazaxıstan Respublikasında səfərdə olaraq “Qanun və qayda – sabitlik və tərəqqinin əsasıdır” mövzusunda keçirilən elmi-praktiki konfransda iştirak etmişdir.
Konfransın plenar iclasında çıxış edən Fazil Həsənəliyev “Prokurorların hazırlanmasında innovativ yanaşmalar: Azərbaycan təcrübəsi” mövzusunda məzmunlu məruzə ilə çıxış etmiş, prokurorluq orqanları üçün kadr hazırlığı sahəsində tətbiq edilən müasir modellər və yeni tədris metodikaları barədə geniş məlumat vermişdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanları Akademiyasının fəaliyyəti, təşkilati strukturu, kadr hazırlığı sistemi, elmi-tədqiqat istiqamətləri və həyata keçirilən beynəlxalq layihələrlə ətraflı tanış olmuşdur. Görüşlər zamanı rəqəmsal tədris texnologiyaları, innovativ təhsil platformaları və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün nəzərdə tutulmuş ixtisasartırma proqramları xüsusi maraq doğurmuşdur.
Səfərin davamında Fazil Həsənəliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun Elmi-Tədris Mərkəzində həyata keçirilən fəaliyyət barədə məlumat vermiş, müasir tədris formalarının inkişafı, elmi-metodik bazanın gücləndirilməsi və prokurorluq kadrlarının hazırlanması sistemində tədqiqat istiqamətlərinin genişləndirilməsi üzrə əldə olunmuş təcrübəni bölüşmüşdür.