Baş Prokurorluğun nümayəndə heyəti Özbəkistan Respublikasında beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər
27–29 noyabr 2025-ci il tarixlərində Özbəkistan Respublikası Baş Prokurorluğu yanında Hüquq-Mühafizə Akademiyasında “Müasir çağırışlar şəraitində hüququn aliliyinin təmin edilməsi: problemlər və həlli yolları” mövzusunda beynəlxalq elmi-praktiki konfransın plenar açılışında Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev geniş məruzə ilə çıxış etmişdir.
Səbuhi Şahverdiyev çıxışında rəqəmsal transformasiya dövründə hüququn aliliyinin təmin edilməsinin mühüm strateji prioritet olduğunu qeyd etmiş, süni intellektin hüquqi tənzimlənməsi, yenilənən texnoloji mühitdə hüquq-mühafizə orqanlarının hazırlıq səviyyəsinin artırılması, eləcə də transmillət cinayətkarlığın yeni formalarına qarşı institusional dayanıqlığın gücləndirilməsi barədə ətraflı məlumat vermişdir. O, beynəlxalq əməkdaşlığın, birgə təlim proqramlarının və ekspert mübadiləsinin müasir hüquq sistemlərinin inkişafında xüsusi rol oynadığını vurğulamışdır.
Konfransın kibertəhlükəsizlik üzrə paralel sessiyasında Elm-Tədris Mərkəzinin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli çıxış edərək rəqəmsallaşmanın sürətlə getdiyi bir zamanda kiberməkanda hüquq pozuntularının qarşısının alınması, elektron məlumatların qorunması və rəqəmsal izlərin istintaqda düzgün idarə olunması məsələlərinin aktuallığını vurğulamışdır. O, kibercinayətlərin artdığı müasir dövrdə prokurorluq əməkdaşlarının rəqəmsal savadlılığının gücləndirilməsinin, elektron sübutların toplanması, eləcə də süni intellekt texnologiyalarının hüquqi tənzimlənməsi sahəsində qarşıda duran əsas vəzifələrdən bəhs etmişdir. Nigar Qələndərli qeyd etmişdir ki, rəqəmsal dövrdə hüquq-mühafizə orqanlarının hazırlıq səviyyəsi ölkənin təhlükəsizliyinin əsas dayaqlarından biridir və Elm-Tədris Mərkəzində kibertəhlükəsizlik üzrə tədris tədbirlərinin yenilənməsi, praktiki təlimlərin artırılması və rəqəmsal təlim resurslarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Korrupsiyaya qarşı mübarizə sessiyasında Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təqibat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov çıxış etmiş və korrupsiya cinayətlərinin istintaqında tətbiq olunan müasir metodlar, əməliyyat-istintaq məlumatlarının təhlili, rəqəmsal sübutlarla işin xüsusiyyətləri və prokuror nəzarətinin səmərəliliyinin artırılması istiqamətində qabaqcıl təcrübələri geniş şəkildə təqdim etmişdir. O, həmçinin korrupsiya risklərinin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı aktual yanaşmaları vurğulamışdır.
Sessiyanın davamında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov çıxış edərək təhsil müəssisələrində şəffaflıq və hesablılıq mexanizmlərinin tətbiqi, korrupsiya risklərinin azaldılması, nəzarət-inzibatçılıq mexanizmlərinin təkmilləşdirilməsi və monitorinq sisteminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir.
Konfrans çərçivəsində Elm-Tədris Mərkəzinin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli Özbəkistan televiziyasına müsahibə vermiş, tədbirin əhəmiyyəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Azərbaycan Prokurorluğunda təlim və peşə hazırlığının müasir istiqamətləri, rəqəmsal innovasiyalar və konfransın praktiki nəticələri barədə ictimaiyyəti məlumatlandırmışdır.

