Beynəlxalq elmi-praktiki konfransda Mərkəzin rəis müavini və şöbə rəisi çıxış etmişlər
Müasir çağırışlar şəraitində hüququn aliliyinin təmin edilməsi: problemlər və həlli yolları” mövzusunda beynəlxalq elmi-praktiki konfransda Mərkəzin rəis müavini və şöbə rəisi çıxış etmişlər
27 – 29 noyabr 2025-ci il tarixlərində Özbəkistan Respublikası Baş Prokurorluğu yanında Hüquq-Mühafizə Akademiyasında “Müasir çağırışlar şəraitində hüququn aliliyinin təmin edilməsi: problemlər və həlli yolları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. 34 dövlətdən 49 ekspertin və ümumilikdə 250-dən çox nümayəndənin iştirakı ilə reallaşan tədbir hüquq-mühafizə sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi, müasir təhlükəsizlik çağırışlarının müzakirəsi və qabaqcıl təcrübə mübadiləsi baxımından mühüm beynəlxalq platforma olmuşdur.
Konfransın elm və təhsil sessiyasında Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev çıxış edərək müasir hüquqi təhsilin inkişaf istiqamətləri, rəqəmsal transformasiyanın tədris prosesinə təsiri, peşə hazırlığının səmərəliliyinin artırılması və prokurorluq əməkdaşlarının təlimində tətbiq olunan innovativ yanaşmalar barədə geniş məlumat vermişdir. O, xüsusilə hüquqi tədrisdə praktiki bacarıqların gücləndirilməsi, analitik düşünmə vərdişlərinin artırılması və beynəlxalq təcrübənin təlim proqramlarına inteqrasiyasının vacibliyini vurğulamışdır.
Elm-Tədris Mərkəzinin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli çıxışında Azərbaycan Prokurorluğunda peşə hazırlığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən yeniliklər, təlim proqramlarının strukturlaşdırılması, rəqəmsal tədris resurslarının genişləndirilməsi, metodiki təminatın gücləndirilməsi və tədris prosesində interaktiv üsulların tətbiqi barədə ətraflı məlumat vermişdir. O, həmçinin elm-tədris fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, təlim nəticələrinin ölçülməsi və tədrisə dair metodoloji sənədlərin yenilənməsi kimi istiqamətləri xüsusi vurğulamışdır.
Konfrans çərçivəsində nümayəndə heyəti Özbəkistan Hüquq-Mühafizə Akademiyasının rəhbərliyi ilə ikitərəfli görüş keçirmiş, gələcək elmi-metodiki əməkdaşlıq, birgə təlim proqramları və təcrübə mübadiləsi perspektivlərini müzakirə etmişdir. Daha sonra Akademiyanın tədris prosesi, laboratoriya imkanları və elmi-tədqiqat fəaliyyətləri ilə yaxından tanış olmuşlar.

