Baş Prokurorluğun nümayəndə heyəti Özbəkistan Respublikasında işgüzar səfərdə olub
2025-ci il 2 oktyabr tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin nümayəndə heyəti Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş Ədalət Akademiyasının açılış mərasimində iştirak etmişdirlər.
Səfərdə Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, rəis müavini Səbuhi Şahverdiyev və şöbə rəisi Nigar Qələndərli, həmçinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev və Məhkəmə-Hüquq Şurasının üzvü, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev iştirak etmişdir.
Açılış mərasimi Özbəkistan Respublikasının Prezident Administrasiyasının rəis müavininin, Konstitusiya Məhkəməsinin sədrinin, Ali Məhkəmənin sədrinin, Ali Məhkəmə Şurasının sədrinin, Ədliyyə nazirinin və digər yüksək vəzifəli dövlət nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Tədbirdə, eyni zamanda, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Bolqarıstan və digər dövlətlərin məhkəmə və prokurorluq orqanlarını təmsil edən nümayəndə heyətləri də iştirak etmişlər.
Tədbir çərçivəsində çıxışlar zamanı ədalət sistemində aparılan islahatlar, hakim və prokuror korpusunun peşəkarlığının artırılması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və hüquq təhsili sahəsində müasir yanaşmaların tətbiqi kimi məsələlər müzakirə olunmuşdur.
Tədbirdə Azərbaycan nümayəndə heyəti salamlama nitqi ilə çıxış etmiş, iki ölkə arasında hüquqi əməkdaşlığın əhəmiyyəti, elmi-tədris əlaqələrinin möhkəmləndirilməsi və beynəlxalq təcrübə mübadiləsinin önəmi barədə fikirlər səsləndirmişdir.
Tədbirin yekununda iştirakçılar və qonaqlar binanın açılışını əks etdirən xatirə fotoşəkli çəkdirmişlər.
Daha sonra səfər çərçivəsində nümayəndə heyəti Özbəkistan Respublikasının Ali Məhkəməsində olmuş, Məhkəmənin sədri ilə görüş keçirmiş, məhkəmə binası, muzeylə tanışlıq olmuş və qarşılıqlı hörmət və dostluq münasibətlərini ifadə edən rəsmi hədiyyə mübadiləsi həyata keçirilmişdir. Görüş zamanı məhkəmə sisteminin fəaliyyəti, islahatlar və qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Özbəkistan Respublikasının Hüquq-mühafizə Akademiyasında da olmuşlar. Görüş zamanı Akademiyanın rəhbəri Yevgeniy Kolenko tərəfindən qonaqlara müəssisənin fəaliyyəti, struktur quruluşu və əsas istiqamətləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Akademiya hüquq-mühafizə orqanları əməkdaşlarının ixtisasartırma və peşəkar hazırlıq prosesinin müasir tələblərə uyğun təşkili, hüquqi biliklərin təkmilləşdirilməsi və praktiki bacarıqların formalaşdırılması sahəsində mühüm rol oynayır.
Qeyd edilməlidir ki, Akademiyanın tədris binası ən müasir texnoloji infrastrukturla təmin edilmiş, elektron təlim sistemləri, simulyasiya otaqları, tədris poliqonları, zəngin elmi kitabxana və interaktiv auditoriyalar fəaliyyət göstərir. Tədris prosesi müasir pedaqoji metodlara əsaslanır, real situasiyaların modelləşdirilməsi və praktiki tədris mühitinin yaradılması istiqamətində innovativ üsullardan geniş istifadə olunur.
Nümayəndə heyəti Akademiyanın maddi-texniki bazası ilə,o cümlədən orada yaradılmış yüksək səviyyəli şərait və müasir tədris mühiti ilə yaxından tanış olmuşlar.
Nümayəndə heyəti həmçinin Özbəkistan Respublikasının Ali Məhkəmələr Şurası və Ədalət Akademiyasının təşkilatçılığı ilə keçirilən “Yeni Özbəkistanda yüksək ixtisaslı hakimlər korpusunun formalaşdırılması: islahatların səmərəliliyi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.
Konfransda Özbəkistanın dövlət orqanları ilə yanaşı, bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin məhkəmə-hüquq qurumlarının UNESCO, UNICEF, BMT-nin Məhkəmə Keyfiyyəti Mərkəzi (MKY) kimi beynəlxalq təşkilatların, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Fransa, Rusiya və digər ölkələrin prokurorluq, ədliyyə və məhkəmə təlim institutlarının nümayəndələri iştirak etmişlər.
Tədbir “Yeni Özbəkistan” konsepsiyası çərçivəsində həyata keçirilən məhkəmə-hüquq islahatlarının beynəlxalq təqdimatı və təhlilinə həsr olunmuş, məhkəmə orqanlarında kadr siyasətinin müasir prinsiplərinə dair fikir mübadiləsi aparılmış, məhkəmə sistemində islahatların dərinləşdirilməsi, etik idarəetmə, şəffaflıq və insan hüquqlarının qorunması sahəsində beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsindən bəhs olmunmuşdur.
Tədbirin açılışında Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Holmumin Yodğorov, Ədalət Akademiyasının rektoru, eləcə də digər beynəlxalq tərəfdaşların təmsilçiləri və dəvət olunan xarıci ölkələrinin nümayəndələri çıxış etmişlər.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, rəis müavini Səbuhi Şahverdiyev və şöbə rəisi Nigar Qələndərli, həmçinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev və Məhkəmə-Hüquq Şurasının üzvü, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev konfransda iştirak etmiş və geniş məruzə ilə çıxış etmişdirlər.
Keçirilmiş beynəlxalq konfransla bağlı Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev Özbəkistan mediasına müsahibə vermişdir.

