Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Özbəkistan Respublikasının Ədalət Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

2025-ci il oktyabrın 2-də Daşkənd şəhərində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Özbəkistan Respublikasının Ədalət Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd elmi-tədqiqat fəaliyyətinin inkişafı, tədrisin təşkili və təkmilləşdirilməsi, hüquqi biliklərin artırılması və beynəlxalq təcrübə mübadiləsi sahələrində tərəflərin qarşılıqlı əməkdaşlığını nəzərdə tutur. Memorandum çərçivəsində birgə elmi layihələrin hazırlanması və həyata keçirilməsi, müqayisəli hüquqi tədqiqatların aparılması, tədris-metodiki materialların işlənməsi, seminar və konfransların təşkili, həmçinin innovativ yanaşmaların tətbiqi üzrə əməkdaşlıq planlaşdırılır.
Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, rəis müavini Səbuhi Şahverdiyev və şöbə rəisi Nigar Qələndərli iştirak ediblər.
Görüşdə Özbəkistan Respublikasının Ədalət Akademiyasının fəaliyyəti ilə yaxından tanış edilib, qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev çıxış edərək vurğulayıb ki, imzalanmış Memorandum təkcə iki qurum arasında əməkdaşlığın hüquqi əsasını möhkəmləndirmir, həm də beynəlxalq təcrübə mübadiləsinə, birgə elmi layihələrin icrasına, müqayisəli hüquqi tədqiqatların aparılmasına, tədris prosesinin təkmilləşdirilməsinə və metodiki materialların hazırlanmasına geniş imkanlar açır. O, qeyd edib ki, Memorandum gələcəkdə yüksək ixtisaslı hüquqi biliklərin inkişafına, elmi-tədqiqat və tədris sahəsində qabaqcıl beynəlxalq praktikanın tətbiqinə töhfə verəcək.
Çıxışlarda həmçinin tarixi dostluq və ümumi dəyərlərin birləşdirməsi, bu əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsində hər iki ölkənin ali rəhbərliyinin xüsusi rolu olduğu qeyd edilib.