Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Türkiyənin məhkəmə və prokurorluq orqanları ilə görüşlərdə iştirak edib

Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 21-22 iyul 2025-ci il tarixdə Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbiri ziyarət etmiş, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk, Ali Məhkəməsinin sədri Ömər Kərkəz, ədliyyə naziri Yılmaz Tunç və Baş Ombudsmanı Mehmet Akarca ilə görüşlər keçirib.  Türkiyə Respublikasına səfərin davamı olaraq, 2025-ci ilin iyul ayının 22-də nümayəndə heyətinin üzvləri ilə Türkiyə Ədliyyə Akademiyasında görüş keçirilib.
Nümayəndə heyətini salamlayan Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Bekir Altun iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini bildirmişdir. Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin üzvü, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev 2021-ci ildə imzalanmış Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında “Hüquq sahəsində tədris və tədqiqat fəaliyyəti ilə prokuror və prokuror vəzifəsinə namizədlərin təliminə yönəlmiş əməkdaşlıq haqqında” anlaşma memorandumuna uyğun olaraq, həmçinin Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində Türkiyə Ədliyyə Akademiyası ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlığın uğurla davam etdirildiyini qeyd etməklə bu günə qədər əldə edilmiş uğurları diqqətə çatdırıb.
Görüş zamanı prokurorların təlimi, hüquqi əməkdaşlıq, təlim səfərləri və digər sahələrdə qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyi bildirilərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Nümayəndə heyəti Türkiyə Ədliyyə Akademiyasının inzibati binası, kitabxanası, tədris korpusları və yataqxanaları ilə yaxından tanış olublar.