Belarus Respublikasında keçirilmiş beynəlxalq elmi-praktiki konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi iştirak edib

Prokurorluq orqanlarında digər ölkələrin ali və ixtisaslaşmış təhsil müəssisələri, eləcə də hüquq mühafizə orqanları ilə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi sahəsində əməli addımlar atılır, tədris sahəsində yeni təhsil model və metodların tətbiqi təmin edilir.
Bu kimi tədbirlərə Belarus Respublikası İstintaq komitəsinin dəvətinə əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərlinin 20 iyun 2025-ci il tarixində Minsk şəhərində iştirak etdiyi “İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” mövzusunda V Beynəlxalq elmi-praktik konfransı aid etmək olar.
“Belarus Respublikası İstintaq Komitəsinin İxtisasartırma və yenidən hazırlıq İnstitutu”nda keçirilən beynəlxalq elmi-praktik konfransda yerli dövlət, məhkəmə və hüquq mühafizə orqanlarının, ali və hüquq sahəsində ixtisaslaşmış təhsil müəssisələrinin, habelə Belarus, Rusiya hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etmişlər.
Tədbiri Belarus Respublikası İstintaq komitəsinin sədri Dmitriy Qora açıq elan etdikdən sonra, konfransa dəvət olunmuş Rusiya Federasiyasının İstintaq komitəsinin sədri Aleksandr Bastrıkin, Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibinin müavini Aleksandr Raxmanov və digər vəzifəli şəxslər açılış nitqi ilə çıxış etmişlər.
Konfransda geniş məruzə ilə Nigar Qələndərli «К вопросу законности причинения вреда здоровью лица, совершившего преступление, при его задержании»  (Cinayət törətmiş şəxs tutularkən onun sağlamlığına zərər vurulmasının qanuniliyi məsələsi) mövzuda çıxış etmiş və məruzəsi konfrans materiallarında dərc edilərək, Mərkəzin fəaliyyətinin təqdimatı video formatda tədbir iştirakçıları üçün nümayiş etdirilmişdir. Tədbir başa çatdıqdan sonra səslənilmiş fikirlər ətrafında konfrans iştirakçıları tərəfindən müzakirələr aparılmış, tədbirin ümumi nəticələri qiymətləndirilmişdir.
Səfərin yekununda qərara alınmışdır ki, bir sıra aktual mövzular üzrə birgə tədris tədbirlərinin təşkili istiqamətində qarşılıqlı fəaliyyət davam etdirilsin.