Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşları Qazaxıstanın məhkəmə və prokurorluq orqanları ilə görüşlərdə iştirak ediblər
2025-ci ilin mayın 20-dən 24-dək Türk Ədliyyə Təlim Şəbəkəsinin “Müasir dünyada qanun, hüquq və ədalət” adlı beynəlxalq konqresində iştirak məqsədi ilə Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov və şöbə rəisi Əmir Ocaqverdiyev Qazaxıstanın paytaxtı Astana şəhərində ezamiyyətdə olublar.
Mayın 20-də Elm-Tədris Mərkəzinin əməkdaşları Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq mühafizə orqanları Akademiyasını ziyarət edərək Akademiyanın fəaliyyəti ilə yaxından tanış olublar, Akademiyanın rektoru Marat Seksembayevin iştirakı ilə tərəflər arasında təcrübə mübadiləsi aparılaraq yaxın zamanlar üçün əməkdaşlığın fəaliyyət istiqamətləri konkretləşdirilib.
Mayın 21-də sözügedən beynəlxalq konqresdə iştirak edən xarici heyətlərlə Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasında rəhbəri Malaxov Dmitriy Mixayloviçin iştirakı ilə görüş keçirilib, görüş zamanı Elm-Tədris Mərkəzi və Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyası arasında əvvəlcədən razılaşdırılmış əməkdaşlıq haqqında memorandum imzalanıb.
Mayın 22-də Azərbaycanın və digər dövlətlərin nümayəndə heyətlərini Qazaxıstan Respublikasının Baş prokuroru Berik Noqayeviç Asılov qəbul edib. Baş Prokurorluqda baş tutan görüş zamanı Talıb Cəfərov çıxış edərək Baş prokuror Kamran Əliyevin salamlarını Qazaxıstan həmkarına çatdırıb, dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik siyasəti ilə ölkəmizdə təhlükəsizlik mühitinin yaranması, Azərbaycanın bu sahədə qabaqcıl dövlətlərlə bir sırada olması barədə danışıb. Görüşdən sonra qonaqlar Baş Prokurorluğun muzey eksponatları ilə tanış olublar.
Mayın 23-də xarici heyətlərlə Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsində görüş keçirilib, qonaqlara Məhkəmənin fəaliyyəti barədə geniş məlumat verilib, onlar Məhkəmənin muzeyinə ekskurs ediblər.
Mayın 24-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşlarının Özbəkistanın Ali Məhkəmə Şurası yanında Ali Hakimlər Məktəbinin rəhbər işçiləri ilə görüşü olub, işgüzar əlaqələrin daha da dərinləşdirilməsi üçün qurumlar arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında memorandum imzalanması qərara alınıb.
Həmçinin beynəlxalq konqresdə iştirak edən xarici heyətlər üçün Qazaxıstan Respublikasının Ali Məhkəməsində tətbiq edilən informasiya texnologiyaları barədə, onların funksional imkanları haqqında əyani təqdimat keçirilib. Görüşlər zamanı tərəflər arasında milli suvenirlərin və çap məhsulların mübadiləsi olub.
Səfər zamanı Talıb Cəfərov Qazaxıstanın iki televiziya kanalına (Kz24 və Kz31), eləcə də AzTV və Azərtaca müsahibələr verib, nümayəndə heyətləri Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyasının 10 illik yubileyinə həsr edilmiş rəsmi ziyafətdə iştirak ediblər.
Mədəni tədbirlər çərçivəsində qonaqlar Astananın görkəmli yerləri, muzeyləri və məscidləri ilə tanış olmaq imkanı əldə ediblər. Ümumən qonaqlar çox mehribanlıqla və yüksək qonaqpərvərliklə qarşılanıb.