Astanada təşkil olunmuş Türk Ədliyyə Təlim Şəbəkəsinin beynəlxalq konqresində Baş Prokurorluğun nümayəndələri iştirak edib
Qazaxıstanın paytaxtı Astanada 2025-ci ilin mayın 22-dən 23-dək özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin hakim və prokurorların akademiya və tədris mərkəzlərini birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin “Müasir dünyada qanun, hüquq və ədalət” adlı beynəlxalq konqresi keçirilib.
Konqresdə iştirak məqsədilə Astana şəhərinə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov və şöbə rəisi Əmir Ocaqverdiyev səfər ediblər.
Tədbirin plenar iclasına sədrlik edən Talıb Cəfərov dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik siyasəti ilə ölkəmizdə təhlükəsizlik mühitinin yaranması, Azərbaycanın bu sahədə qabaqcıl dövlətlərlə bir sırada olması, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə təhsil sahəsində görülmüş çox miqyaslı işlər barədə danışıb. Həmçinin xarici tərəfdaşları Baş prokuror cənab Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun tədris və elmi-praktiki tədqiqatları sahəsində, eləcə də kadrlarının peşəkar formalaşmasında əldə edilmiş nailiyyətləri barədə məlumatlandırıb.
Konqresin 1-ci panel sessiyasında Əmir Ocaqverdiyev “Türk Dövlətləri Təşkilatının üzv ölkələrində transmilli təhlükələrə qarşı mübarizə” mövzusunda çıxış edərək sözügedən sahədə Azərbaycanda görülmüş qabaqlayıcı tədbirlərdən bəhs edib.
Tədbir çərçivəsində Talıb Cəfərov Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyasının 10 illik yubiley medalı ilə təltif olunub, təhsil müəssisələri arasında formalaşmış beynəlxalq əməkdaşlıq əlaqələri barədə Qazaxıstan və Azərbaycan televiziya kanallarına müsahibələr verib.
Qeyd edilməlidir ki, 2022-ci ildə İstanbulda təsis edilmiş bu təşkilatda Azərbaycanı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi təmsil edir və ötən ildə Şəbəkəyə Azərbaycan tərəfinin sədrliyi çərçivəsində Bakıda beynəlxalq konfranslar və digər tədbirlər təşkil olunub.