Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Qazaxıstanın Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

2024-cü ildə Türk Ədliyyə Təlim Şəbəkəsinin Bakıda keçirilmiş konfranslarında yaranmış işgüzar əlaqələr Türk Dövlətləri Birliyinə üzv ölkələrinin ədliyyə və prokurorluq akademiya və tədris mərkəzlərinin fundamental əməkdaşlığına təkan verib.
Bunun bariz nümunəsidir ki, 2025-ci ilin mayın 21-də Astana şəhərində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyası arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
Astana şəhərinə ezam edilmiş Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov və şöbə rəisi Əmir Ocaqverdiyev Qazaxıstanın Ali Məhkəmə Şurasının fəaliyyəti ilə tanış ediliblər, Şuranın və Akademiyanın rəhbərliyi ilə görüşüblər.
Tədbirdə Talıb Cəfərov vurğulayıb ki, xalqlarımızı təkcə mehriban qonşuluq münasibətləri birləşdirmir, bizi tarixi qan bağları, əvvəlki nəsillərin dostluğu birləşdirir, bu əlaqələrin qorunub və möhkəmləndirilməsində hər iki ölkənin ali rəhbərliyinin misilsiz rolu vardır. Qloballaşma dövrünün çağırışları nəzərə alınaraq, türk dövlətlərinin bir birinin yanında olması, bir birinə dəstək verməsi məqsədi ilə 03.10.2009-cu il tarixində məhz Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatı yaradılıb.
Görüş zamanı qardaş ölkədən olan tərəfdaşlara Baş prokuror cənab Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Prokurorluğunda aparılan islahatlar, tətbiq edilən yeniliklər və onların bəhrəsi barədə geniş məlumat verilib.
Tədbirin sonunda tərəflər arasında tədris sahəsində təcrübə mübadiləsi aparılaraq əməkdaşlığın fəaliyyət istiqamətləri konkretləşdirilib.