Baş Prokurorluğun əməkdaşları məhkəmə psixiatriyasının aktual problemlərinə həsr edilmiş beynəlxalq konfransda çıxış ediblər

2025-ci ilin may ayının 22-i və 23-ü Azərbaycan Tibb Universitetinin (ATU) Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr edilmiş “Məhkəmə psixiatriyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, ATU və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə alimlər, professor-müəllim heyəti, müxtəlif ölkələri təmsil edən qonaqlar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Bu tədbirdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli, şöbə prokuroru Fərizə Mirzəyeva, DİO-nın istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Cəsarət Əzizov, İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Kamil Zeynalov, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elşad Rüstəmov, eləcə də Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin prokuroru Pərvanə Bayramova təmsil edib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli bu yubiley ilində ölkəmizdə psixi sağlamlıq sahəsinin inkişaf tarixinin, bu yolda əziyyət çəkmiş alimlərin fədakar əməyinin və elmə, təhsilə verilən böyük dəyərin yad olunduğunu bildirib. Psixiatriya kafedrasının təkcə elmi araşdırmaların və akademik biliklərin mərkəzi olmadığını, həm də minlərlə həkimin, psixiatr və psixoloqun yetişdiyi bir məktəbə çevrildiyini qeyd edib: “Azərbaycanda ixtisaslı tibbi kadrların hazırlanmasına 1919-cu ildən Bakı Dövlət Universitetinin tibb fakültəsinin yaradılması ilə başlanılıb. 1920-ci ildə isə rektor, tanınmış nevroloq, professor Sergey Nikolayeviç Davidenkov tibb fakültəsində psixonevrologiya kafedrasını təşkil edib. 1925-ci ildə psixonevrologiya kafedrasından ayrılan psixiatriya kafedrası müstəqil elmi-pedaqoji fəaliyyətə başlayıb”.

İki gün davam edən konfransın paralel sessiyalarında Baş Prokurorluğun adı çəkilən əməkdaşları geniş məruzə ilə çıxış edərək, psixi pozuntular zamanı cinayət məsuliyyətinin müəyyən edilməsi, bu şəxslərin sosial müdafiəsi, müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasında psixiatriyanın rolu, məhkəmə-psixiatrik ekspertizası, intiharın psixoloji aspektləri, cinayət törətmiş qadınların kriminal-psixoloji xarakteristikası və sair aktual mövzulara toxunublar.