Türk Ədliyyə Təlim Şəbəkəsinin konfrans iştirakçıları Bakı şəhərinin abidələri və muzeyləri ilə tanış olublar
Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə 2024-cü ilin dekabr ayının 17-dən 18-dək Baku Marriott Boulevard otelində özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin konfransı keçirilib.
“Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən bu beynəlxalq konfransın xarici iştirakçıları üçün mədəni tədbirlər çərçivəsində Bakı şəhərinin gəzinti yerləri, parkları, abidələri və muzeyləri ilə tanış edilib, onların şərəfinə rəsmi şam yeməyi və vida ziyafəti təşkil olunub.
Xüsusən də qonaqlar Mərkəzi parkda, Nizami küçəsində və Fəvvarələr meydanında gəzib, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub, orada qədim memarlıq abidəsi olan Qız qalasını və Şirvanşahlar sarayını ziyarət ediblər.
Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət edərək buradakı sərgilərlə tanışlıqdan təəccüb olublar, binanın quruluşuna heyrət ediblər.
Bakı bulvarında (Dənizkənarı Milli Park) gəzərkən qonaqlar üçün Suraxanı Gəmi Muzeyinə ekskursiya təşkil edilib. Zəfər və Hərbi Qənimətlər parklarının seyr edilməsi isə unudulmaz hisslərə səbəb olub.
Konfrans iştirakçıları göstərilmiş qonaqpərvərliyə görə təşəkkür ifadə edərək dövlətimizin daha da inkişaf etməsini və xalqımızın daha da zəngin olmasını arzu ediblər.