Türk Ədliyyə Təlim Şəbəkəsinin konfransında transmilli cinayətkarlığa qarşı mübarizənin effektiv vasitəsi kimi aktivlərin bərpasına diqqət yetirilib

Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə 2024-cü ilin dekabr ayının 17-dən 18-dək Baku Marriott Boulevard otelində özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin konfransı keçirilib.
Plenar iclaslar və panel sessiyalar formatında təşkil edilmiş konfransda aktivlərin bərpası prosesinin səmərəliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli ölkələrin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı kimi məsələlər müzakirə edilib.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərovun moderatorluğu ilə “Aktivlərin bərpası transmilli cinayətkarlığa qarşı mübarizənin effektiv vasitəsi kimi” mövzusunda keçirilmiş 1-ci panel sessiyada Türkiyə Ədalət Akademiyasınin müəllimi, hakim Eray Temizkan, Qazaxıstan Baş Prokurorluğunun şöbə müdiri Zhakiyalin Aidos Jandırbayeviç, Şimali Kiprin Baş Prokurorluğunun əməkdaşı Behrat Mavioğlu, Azərbaycan Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin şöbə rəisi Əmir Ocaqverdiyev təqdimatla çıxış ediblər.
Xarici qonaqlarla yanaşı konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Araz Poladov, Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektorun böyük məsləhətçisi Samir Nəcəfov, Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, Ali Məhkəmənin nümayəndəsi Anar Nüseynov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Vüqar Babayev, İnsan hüquqları üzrə müvəkkilin müşaviri Rəşad Novruzov iştirak ediblər.
Konfransda həmçinin Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev çıxış edib, mövzu üzrə aparılan müzakirələrdə isə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov, Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev, Maddi-texniki təminat şöbəsinin rəisi Rövşən Abdullayev, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov və köməkçisi Rail Bayramlı, böyük köməkçiləri Vüsal Əliyev və Ceyhun Hümbətov iştirak ediblər.