Elm-Tədris Mərkəzinin nümayəndəsinin iştirakı ilə Minsk şəhərində beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Prokurorluq orqanlarında peşə hazırlığının təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə digər ölkələrin hüquq üzrə ali və ixtisaslaşmış təhsil müəssisələri, eləcə də hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.
Bu tədbirlərin davamı olaraq Belarus Respublikası İstintaq komitəsinin dəvətinə əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi Ramin Camalov və İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Məhərrəm Məmmədov 09.06.2023-cü ildə Minsk şəhərində keçirilmiş “İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” mövzusunda III beynəlxalq elmi-praktiki konfransda iştirak etmişlər.
Belarus milli kitabxanasında təşkil edilmiş konfransa yerli dövlət, məhkəmə və hüquq mühafizə orqanlarının, eləcə də ali və hüquq sahəsində ixtisaslaşmış təhsil müəssisələrinin nümayəndələri qoşulmuşlar. Tədbiri Belarus Respublikası İstintaq komitəsinin sədri Dmitriy Qora açıq elan etdikdən sonra Belarusun Baş prokuroru Andrey Şved, Belarus Dövlət Təhlükəsizlik Şurasının sədr müavini Valeriy Miçkeviç və konfransa dəvət olunmuş xarici dövlətlərin nümayəndələri çıxış etmişlər.
Konfrans iştirakçıları öz məruzələrində istintaq və təhsil sahələrində tətbiq edilən yeni üsul, metod və texnologiyalar barədə geniş məlumatlar verərək qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmüşlər.
Tədbirdə Ramin Camalovun “Eyni vergi qanunvericiliyinin pozulması faktının paralel araşdırılmasının təcrübədə yaratdığı çətinliklər və çıxış yolları” mövzusunda etdiyi çıxışının mətni konfrans materiallarında dərc edilmişdir.
Tədbirin sonunda səslənmiş fikirlər ətrafında iştirakçılar tərəfindən müzakirələr aparılmış, tədbirin ümumi nəticələri müsbət qiymətləndirilmişdir.
“Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Belarus Respublikası İstintaq komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu” təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında” imzalanmış Memoranduma əsasən Baş Prokurorluğun nümayəndə heyəti institutun funksional təyinatı, imkanları və texniki təchizatı ilə tanış olmuşlar, tərəflər arasında təcrübə mübadiləsi aparılaraq tədris prosesində tətbiq olunan yeniliklər diqqətə çatdırılmış, xatirə suvenirləri və bu qurumlar tərəfindən hazırlanmış yeni kitablar mübadilə edilmişdir.