Baş Prokurorluqda Gənclər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
2026-cı ilin “Şəhərsalma və memarlıq ili” çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 30.01.2026-cı il tarixdə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Hüquqi dövlətçilik və gənclər” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
Tədbirdə 15 ali təhsil müəssisəsini təmsil edən tələbə və kursantlar, professor-müəllim heyəti, habelə müxtəlif dövlət və hüquq qurumlarının nümayəndələri iştirak ediblər.
Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Ümummilli Liderin gənclərə müraciətinin videoformatda nümayişi ilə başlayıb.
Konfrans çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Mərkəzin şöbə rəisi Nigar Qələndərli, Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Rəşad Həsənli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva, Prokurorluğun gənc əməkdaşı – Nizami rayon prokurorunun köməkçisi Cahandar Quluzadə, Prokurorluğun veteranı Mircaban Kazımov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin şöbə müdiri Nicat Abdullayev, eləcə də Qarabağ Universitetinin tələbəsi Şəbnəm Rüstəmova çıxış ediblər.
Çıxışlarda gənclərin dövlət siyasətində və hüquqi dövlət quruculuğunda mühüm rolu, onların hüquqi bilik və bacarıqlarının artırılmasının əhəmiyyəti, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının təşviqi məsələlərinə xüsusi diqqət yetirilib.
Ümumilikdə tədbirdə 350-yə yaxın iştirakçı yer alıb. Konfransın yüksək təşkilati səviyyədə və maraqlı formatda keçirilməsi iştirakçılar tərəfindən məmnunluqla qarşılanıb.

