Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Vəkillər Kollegiyasının sədri mühazirə ilə çıxış edib

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində keçirilən təlimdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov mühazirə ilə çıxış edib.
Tədbir zamanı hüquq sistemində prokurorluq və vəkillik institutları arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti, hüquqi islahatların əsas istiqamətləri, müdafiə hüququnun təmin olunması, eləcə də ədalətli məhkəmə araşdırmasının fundamental prinsipləri barədə ətraflı məlumat verilib. Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.
Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov Elm-Tədris Mərkəzinin fəaliyyəti, mərkəzdə yaradılmış müasir tədris infrastrukturu, həyata keçirilən ixtisasartırma və peşə hazırlığı proqramları, eləcə də elmi-metodiki fəaliyyət istiqamətləri və müasir texnoloji, kriminalistik vasitələrlə yaxından tanış olub. Həmçinin Vətən müharibəsinə həsr olunmuş qalereyada Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhaliyə qarşı istifadə edilmiş minalar, mərmilər və digər hərbi sursatların nümayiş etdirildiyi Tarixi-Memorial muzeylə yaxından tanış olunub.
Qeyd edilib ki, bu cür görüşlər hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında institusional əməkdaşlığın gücləndirilməsinə, peşəkar potensialın artırılmasına və hüquqi biliklərin davamlı şəkildə təkmilləşdirilməsinə mühüm töhfə verir.