Bakı Dövlət Universitetində keçirilən respublika elmi konfransda Baş Prokurorluğun nümayəndə heyəti iştirak edib

1 dekabr 2025-ci il tarixində Bakı Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının Konstitusiyası – dövlətçiliyimizin tarixi, hüquqi və siyasi-iqtisadi əsası kimi” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndə heyəti iştirak edib.
Konfransın açılış hissəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, suveren idarəçilik modelinin formalaşdırılmasında və hüquqi dövlət quruculuğunda mühüm rolunu vurğulayıb. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə konstitusion dövlətçilik ənənələrinin formalaşdırıldığını, milli maraqlara əsaslanan müasir və suveren idarəçilik modelinin yaradıldığını qeyd edib. Fazil Həsənəliyev Konstitusiyanın insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, dövlət hakimiyyətinin səmərəli təşkili və hüququn aliliyinin təmin edilməsi baxımından fundamental əhəmiyyət daşıdığını bildirib.
Konfransın bölmə iclaslarında Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli çıxış edərək konstitusion dəyərlərin hüquq tətbiqetmə təcrübəsində rolu, hüquqi maarifləndirmənin əhəmiyyəti və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi məsələlərinə toxunub.
Elm-Tədris Mərkəzinin şöbə rəisi Ramin Cəmalov məruzəsində konstitusion prinsiplərin hüquq-mühafizə orqanlarının fəaliyyətində rəhbər tutulmasının, qanunun aliliyinin təmin olunmasının və institusional dayanıqlığın əhəmiyyətini vurğulayıb.
Konfrans çərçivəsində Hərbi prokurorun böyük köməkçisi Firat Əliyev çıxış edərək Silahlı Qüvvələrin dövlət suverenliyinin tam təmin olunmasında rolu, milli təhlükəsizlik sistemində konstitusion mexanizmlərin yeri və postmünaqişə dövründə hüquqi çərçivənin əhəmiyyətindən bəhs edib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin böyük prokuroru Rəfail Həsənov isə Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının qorunması mexanizmləri, müasir çağırışlar fonunda hüquqi təminat məsələləri və beynəlxalq hüquq normalarının milli qanunvericiliklə uzlaşdırılması mövzularında çıxış edib.

Konfransın bölmə iclaslarında, həmçinin, konstitusion idarəçilik modelinin Azərbaycan təcrübəsi, xarici siyasətin konstitusion əsasları, suverenliyin və ərazi bütövlüyünün təmin olunmasında diplomatiyanın rolu, iqtisadi təhlükəsizlik, dayanıqlı inkişaf və sosial rifah məsələləri elmi müstəvidə müzakirə olunub. Tədbir 10 bölmə üzrə təşkil olunub, ümumilikdə 140 elmi məruzə dinlənilib.