Konstitusiya və Suverenlik İli çərçivəsində Lənkəranda ətraf mühitin mühafizəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Konstitusiya və Suverenlik İli çərçivəsində ekoloji təhlükəsizlik sahəsində hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq, Lənkəran şəhərində “Müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Baş Prokurorluq tərəfindən təşkil olunan tədbirdə Lənkəran Dövlət Universitetində baş tutub və ali məktəbin professor-müəllim heyəti, həmçinin tələbələr iştirak ediblər. Konfrans Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Universitetin prorektoru Ramiz Şəmmədov açılış nitqində çıxış edərək qeyd edib ki, ekoloji təhlükəsizlik dövlət idarəçiliyinin mühüm istiqamətlərindən biri kimi dayanıqlı inkişaf modelinin əsas prioritetlərindəndir. O vurğulayıb ki, Konstitusiya və Suverenlik İlinin qəbul etdiyi strateji hədəflər çərçivəsində ekoloji mədəniyyətin yüksəldilməsi və hüquqi baza üzrə islahatların dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbov öz məruzəsində qlobal ekoloji risklərin artması, iqlim dəyişmələrinin yaratdığı yeni reallıqlar və bu çərçivədə dövlətin institusional fəaliyyətinin əsas istiqamətləri barədə danışıb. O bildirib ki, ətraf mühitin qorunması sahəsində hüquqpozmalara qarşı prokuror nəzarətinin çevik və sistemli tətbiqi ekoloji təhlükəsizliyin təminində vacib rol oynayır.
Elm-Tədris Mərkəzinin prokurorları Sarıtel Əliyeva və Ruslan Ağayev çıxışlarında ekoloji münasibətlərin konstitusion-hüquqi çərçivəsini təhlil edib, ətraf mühitin mühafizəsi hüququnun insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıblar, həmçinin bu sahədə gedən normativ-hüquqi islahatların Konstitusiya və Suverenlik İlinin məqsədlərinə uyğun şəkildə davam etdirildiyini qeyd ediblər.
Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev ekoloji xarakterli hüquq pozuntularının aşkarlanması və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı aktual yanaşmaları nəzərə çatdırıb. O, müasir texnoloji imkanların tətbiqinin ekoloji cinayət tərkibli əməllərin vaxtında müəyyən edilməsində həlledici rol oynadığını vurğulayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Əbdülsəməd Əzizli isə bildirib ki, ekoloji hüquqpozmalara qarşı təsirli mübarizə yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmır; bu sahədə media, QHT-lər və ali təhsil müəssisələri ilə əməkdaşlıq ictimai nəzarətin gücləndirilməsinə və maarifləndirmənin daha geniş kütlələrə çatmasına şərait yaradır.

Konfrans geniş fikir mübadiləsi ilə davam edib, iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda iştirakçılar xatirə fotoşəkli çəkdiriblər.