DİN Daxili Qoşunlarının Hərbi İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

6 noyabr 2025-ci il tarixində Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” respublika elmi-nəzəri konfransı keçirilmişdir.
Konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Sabuhi Şahverdiyev və Mərkəzin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli iştirak etmişlər.
Tədbir başlamazdan əvvəl Vətən uğrunda canlarından keçmiş Daxili Qoşunların şəhid hərbi qulluqçularının əziz xatirəsinə ucaldılmış xatirə kompleksinin önünə gül dəstələri qoyulmuşdur.
Konfransın ilk anında Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın ruhları bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxışlarda vurğulanmışdır ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, Azərbaycan xalqının birlik iradəsinin, Ordumuzun igidliyinin və Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinin parlaq təcəssümüdür. Bu Qələbə dövlət müstəqilliyimizin möhkəmlənməsində və milli qürur hissinin daha da güclənməsində müstəsna rol oynamışdır.
Zəfər, Azərbaycan xalqının milli əzmini, tarixi ədalətin bərpasını və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını simvolizə edən möhtəşəm qələbədir. Bu tarixi hadisə dövlətçilik ənənələrimizin möhkəmləndirilməsində və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm ideoloji dayaqlardan biridir.