Polis Akademiyasında “Zəfərə aparan yol – Qarabağ Salnaməsi” mövzusunda konfransda Elm-Tədris Mərkəzinin nümayəndələri iştirak edib
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə aparan yol – Qarabağ Salnaməsi” mövzusunda konfransda Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin əməkdaşları ilə yanaşı, Milli Məclisinin, Xəzər Rayon İcra Hakimiyyəti və Rayon Məhkəməsinin, Vəkillər Kollegiyasının, DİN-in Şəxsi Heyətlə İş İdarəsi və Mətbuat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Milli Aviasiya Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Bakı Dövlət Universitetinin, ADA Universitetinin, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutunun, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun nümayəndələri, kursant və tələbələr, eləcə də Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları qonaq qismində iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Akademiyada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Ardınca konfrans zalında Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “Zəfər yolu”na həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxışlar zamanı 8 Noyabr Zəfər Gününün xalqımızın milli qürurunun və dövlətçilik iradəsinin təcəssümü, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti, eləcə də Zəfər Günü Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsində xüsusi yer tutması və bu günün humanitar, mənəvi, siyasi və tarixi dəyəri gələcək nəsillərə ən yüksək səviyyədə çatdırması səsləndirilmişdir.

