Baş Prokurorluqda Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş müsabiqə keçirilib
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının 5-ci ildönümü münasibətilə 30 oktyabr 2025-ci il tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Gənclərin gözü ilə: Zəfər, tarix, hüquq və ədalət” mövzusunda çıxış formatlı müsabiqə təşkil edilmişdir. Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin mənəvi-siyasi əhəmiyyətinin gənclər arasında geniş təbliği, vətənpərvərlik ruhunun gücləndirilməsi və hüquqi ədalət ideyalarının möhkəmləndirilməsi olmuşdur.
Tədbirin başlanmazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Daha sonra tədbir iştirakçılarını Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev salamlamış, 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsi olduğunu vurğulayaraq qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində xalqımız tarixi Zəfərə qovuşmuşdur.
Tədbirin açılış nitqi ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli çıxış edərək vurğulamışdır ki, Zəfər Günü gənclərin vətənə sədaqət, dövlətçilik ideyalarına bağlılıq və milli kimlik dəyərləri ilə formalaşmasında mühüm əhəmiyyət daşıyır.
Müsabiqədə 14 ali təhsil müəssisəsini təmsil edən professor-müəllim heyəti, tələbə və kursantlar, eləcə də prokurorluq orqanlarının əməkdaşları iştirak etmişdir. Ümumilikdə 300-dən çox gəncin iştirakı ilə keçirilən müsabiqə Zəfərə aparan tarixi yolun, dövlət-xalq birliyinin və qəhrəman Azərbaycan Ordusunun rəşadətinin rolunu bir daha ön plana çıxarmışdır.
Tədbir çərçivəsində gənc tələbə və kursantlar Zəfər Gününə həsr olunmuş mövzular üzrə məzmunlu və analitik çıxışlar, yüksək fikirlilik və natiqlik mədəniyyəti ilə seçilən təqdimatlar nümayiş etdirmişlər.
Müsabiqə iştirakçılarının çıxışları Münsiflər Heyəti tərəfindən qiymətləndirilmişdir. Münsiflər heyəti Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Fazil Həsənəliyev, Mərkəzin rəis müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev, eləcə də şöbə rəisləri ədliyyə müşaviri Nigar Qələndərli və ədliyyə müşaviri Ramin Cəmalov tərəfindən həyata keçirilmişdir.
Tədbirin moderatoru qismində Elm-Tədris Mərkəzinin əməkdaşı Cahandar Quıuzaə çıxış etmiş, müsabiqənin mərhələlərinin idarə olunmasını təmin etmiş və yekunda nominasiyalar üzrə qaliblərin adlarını səsləndirmişdir.
Tədbirin informasiya təminatı və texniki-idarəetmə dəstəyi isə Elm-Tədris Mərkəzinin Tədrisə texniki dəstək sektorunun müdiri Oqtay Mirzəyev və Baş Prokurorluğun əməkdaşı Toğrul Alıyev tərəfindən həyata keçirilmişdir.
Müsabiqə çərçivəsində gənc istedadlar tərəfindən vətənpərvərlik mövzulu şeir kompozisiyaları, musiqi alətlərində canlı ifalar və Zəfər ruhunu ifadə edən mahnılar təqdim olunmuş, bu çıxışlar tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

