Baş Prokurorluqda “Şahid Dindirmə Müsabiqəsi”nin final mərhələsi keçirilib

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində Baş Prokurorluqda “Şahid Dindirmə Müsabiqəsi”nin bir neçə mərhələsi keçirilmişdir. Belə ki, 13 oktyabr 2025-ci ildə müsabiqənin təlim mərhələsi, 22 oktyabrda yarımfinal, 29 oktyabr tarixində isə final mərhələsi baş tutmuşdur.
Final mərhələsinin açılışında çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli müsabiqənin mahiyyəti, gənclərin hüquqi təfəkkürünün formalaşmasındakı rolu və prokurorluq orqanlarına marağın stimullaşdırılması baxımından əhəmiyyətini vurğulamışdır.
Daha sonra ELSA Azərbaycanın 2025/2026-cı illər üzrə Prezidenti Tarif Hüseynov hüquqşünas tələbələr arasında “Şahid Dindirmə Müsabiqəsi”nə marağın ildən ilə artmasını vurğulamış, göstərilən təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və maliyyə dəstəyinə görə “Kəngərli və Partnyorları” Vəkil Bürosuna təşəkkürünü bildirmişdir. Sözügedən Buronun vəkili Əli Camalov çıxış edərk qeyd etmişdir ki, müsabiqə gənc hüquqşünaslarda istintaq prosesinin praktiki tərəflərinə dair təsəvvürlərin genişləndirilməsi, natiqlik, məntiqi ardıcıllıq, situativ düşünmə və prosessual mədəniyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır. ELSA Azərbaycanın Akademik fəaliyyətlər üzrə vitse-prezidenti Ətiqə Qasımova “Şahid Dindirmə Müsabiqəsi”nin yubiley, yəni 5-ci buraxılışı olmasını qeyd etmiş və bu xoş ənənənin qarşıdakı illərdə də davam etməsinin hüquq tələbələri üçün önəmini vurğulamışdır.
Müsabiqənin final mərhələsində hakimlər qismində Baş Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Anar Mirkişiyev, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Çingiz Əlizadə, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov, Elm-Tədris Mərkəzinin əməkdaşları Sərtil Əliyev və Rəşad Qasımov.
İştirakçılar real istintaq situasiyalarını canlandıraraq şahid ifadələrinin əldə edilməsi, sual taktikasının qurulması, prosessual davranış və hüquqi əsaslandırma sahəsində bilik və bacarıqlarını nümayiş etdirmişlər.
Müsabiqənin yekununda final mərhələsinin nəticələrinə əsasən qaliblərə sertifikat və xatirə hədiyyələri təqdim olunmuşdur.