Baş Prokurorluqda “Şahid Dindirmə Müsabiqəsi”nin təlim mərhələsi keçirilib
Gələcək hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə marağının artırılması və onların prokurorluq orqanlarında xidmətə marağının stimullaşdırılması məqsədilə 13 oktyabr 2025-ci il tarixində Baş Prokurorluqda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyinin “Şahid Dindirmə Müsabiqəsi”nin təlim mərhələsi keçirilmişdir.
Tədbirdə ölkənin aparıcı ali təhsil müəssisələrinin hüquq ixtisası üzrə təhsil alan 90-a yaxın tələbə iştirak etmişdir. Təlim prosesinə Baş Prokurorluğun müxtəlif idarələrinin təcrübəli əməkdaşları cəlb olunaraq, “şahid dindirmə” istintaq hərəkətinin taktiki xüsusiyyətləri, prosessual rəsmiləşdirilmə qaydaları və bu istintaq hərəkətinin praktik əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat vermiş, konkret situasiyalar üzərində çıxışlar etmişlər.
Müsabiqənin təlim mərhələsində Baş Prokurorluğun Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli, İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Anar Mirkişiyev, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Çingiz Əli-zadə və Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Qədir Məmmədov çıxış etmişlər.
Tədbirin sonunda təlimçi qismində çıxış edən Baş Prokurorluğun əməkdaşlarına Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən təşəkkürnamələr təqdim olunmuşdur.

