Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirilib

1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
Tədbirin məqsədi gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarına, nəzəri biliklərini praktik müstəvidə tətbiq etmələrinə və cəmiyyətdə prokurorluğun fəaliyyətinə dair maarifləndirici məlumatların artırılmasına şərait yaratmaq olub.
Gənc hüquqşünaslar və media nümayəndələri ilə səmərəli müzakirələr aparılıb, iştirakçılara kriminalistik avadanlıqlar, inzibati binada yaradılmış iş şəraiti, habelə Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) nümayiş etdirilərək onların istintaq prosesində tətbiqi izah olunub.
Tədbirin sonunda xatirə fotosu çəkilib.