Milli Aviasiya Akademiyasının tələbləri ilə səmərəli görüş təşkil olunub
2025-ci ilin mart ayının 5-də Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikasının Baş prokuroru, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev tərəfindən əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumda prokurorluq işçilərinin Akademiyanın tədris prosesində, təhsil ocağının professor-müəllim heyətinin isə prokurorların ixtisasartırmasında iştirak etməsi, hüquqi və elmi maarifləndirmə istiqamətində birgə təlim kurslarının, seminar və mühazirələrin təşkili, qanunvericilik aktlarının hazırlanması, eləcə də “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin prokurorluq orqanlarında ictimai köməkçi (könüllü) qismində iştirakı və təcrübə keçməsi nəzərdə tutulub.
Sözügedən sazişin şərtləri nəzərə alınaraq, cari ilin mayın 27-də Akademiyanın Hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Sahil Hüseynovun iştirakı ilə İqtisadiyyat və hüquq fakültəsinin tələbələri üçün Baş Prokurorluğun inzibati binalar kompleksində “Gələcəyin hüquqşünasları ilə görüş” adlı tədbir keçirilib.
Akademiyanın İqtisadiyyat və hüquq fakültəsinin tələbələrinə Baş Prokurorluğun müxtəlif struktur qurumlarının təcrübəli əməkdaşları tərəfindən prokurorluq orqanlarının fəaliyyəti barədə geniş məlumat verilib.
Görüş zamanı tələbələr prokurorluq işçilərinin vəzifə funksiyaları, iş şəraiti, gündəlik fəaliyyətlərində tətbiq etdikləri müasir texnoloji və kriminalistik vasitələrlə yaxından tanış olublar.
Vətən Müharibəsi qalereyasında mövcud olan mülki insanlarımıza qarşı Ermənistan Silahlı Qüvvələri tərəfindən istifadə edilmiş minalar, mərmilər və digər hərbi sursatlarla tanışlıq gələcəyin hüquqşünasların unudulmaz hisslərinə səbəb olub.
“Gələcəyin hüquqşünasları ilə görüş” çərçivəsində tələblər Baş Prokurorluğun inzibati binalar kompleksinin istintaq otaqları, mühazirə və məşğələ zalları, kitabxanaları, kriminalistik avtomobili və avadanlıqları ilə əyani şəkildə tanışlıq imkanı əldə ediblər.
Tədbirin sonunda gənc hüquqşünaslarla fikir mübadiləsi aparılaraq prokurorluq orqanlarına qulluğa qəbul olunması ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.