Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında prokurorluq əməkdaşlarının tələbələrlə görüşü olub

Gələcək hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə böyük maraq göstərdiyini nəzərə alaraq, Baş Prokurorluq tərəfindən tələbələr üçün daimi maarifləndirici tədbirlər həyata keçirilir. Növbəti tədbir cari ilin mayın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutub.
“Akademiyadan peşəkar həyata: uğurlu karyera strategiyasının sirləri” mövzusu ətrafında Akademiyanın 4-cü kurs tələbələri ilə müxtəlif dövlət qurumlarının təcrübəli əməkdaşlarının iştirakı ilə təşkil olunmuş görüşdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin prokurorları Nigar Əskərova və Rəşad Qasımov təmsil ediblər.
Görüşə həmçinin Azərbaycan Respublikasının Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, eləcə də Elm və Təhsil Nazirliyinin nümayəndələri qatılıb.
Tədbirdə Akademiyanın rektoru professor, akademik Urxan Ələkbərovun salamlama nitqindən sonra Rəşad Qasımov prokurorluq orqanlarına qulluğa qəbul qaydalarını, təcrübə proqramlarını və könüllülük imkanlarını izah edib, Nigar Əskərova isə gənclərin karyera inkişafı üçün mövcud mexanizmlər və prokurorluqda tətbiq edilən informasiya texnologiyaları haqqında məlumat verib. Çıxışçıların nitqləri maraqla dinlənilərək tələbələrin sualları ətraflı cavablandırılıb.
Dövlət İdarəçilik Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında olan qarşılıqlı əlaqələr elmi yaradıcılığa, tələbələrin peşəkar hüquqşünas kimi formalaşmasına öz tövhəsini verməkdədir.