Tələbələrin iştirakı ilə “Yaşıl Dünya” və digər könüllü monitorinq qrupları yaradılıb
Azərbaycan Respublikasının COP29-a sədrliyi çərçivəsində prokurorluq orqanları tərəfindən silsilə tədbirlərin keçirilməsi davam etməkdədir.
Azərbaycan Respublikası Baş prokuroru cənab Kamran Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının COP29-a sədrliyi ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr və görüləcək işlərə dair” Baş Prokurorluğun Tədbirlər planında ali təhsil müəssisələrin tələbələri və ekoloji QHT-lərlə birgə vətəndaş nəzarətini artırmaq məqsədilə ekoloji hüquq pozuntularını aşkarlayan “Yaşıl Dünya” və sair könüllü monitorinq qruplarının yaradılması və bu qrupların prokurorluqla koordinasiyalı fəaliyyətinin təmin edilməsi nəzərdə tutulub.
Bu təşəbbüsün əsas məqsədi ekoloji hüquq pozuntularının aşkarlanması və qarşısının alınması istiqamətində tələbələrin fəal iştirakını təmin etmək, onların bu sahəyə marağını artırmaq və prokurorluq orqanları ilə effektiv koordinasiyalı əməkdaşlığı gücləndirməkdir.
Bu çərçivədə 2025-ci ilin mayın 7-də Bakı Dövlət və ADA Universitetlərinin ekoloji sahəyə maraq göstərən tələbələri ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində görüş keçirilib. Görüş zamanı Mərkəzin prokurorları Rəşad Qasımov və Sarıtel Əliyeva tərəfindən iştirakçılara ekoloji hüquq pozuntularının növləri, onların aşkarlanma üsulları və müvafiq hüquqi mexanizmlər barədə ətraflı məlumat verilib.
Görüşün gedişatında Mərkəz tərəfindən hazırlanmış “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” adlı vəsaitin tələbələr üçün təqdimatı keçirilib. Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, onun layiqli davamçısı olan ölkəmizin Prezidenti cənab İlham Əliyevin, eləcə də respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ekoloji tarazlığın qorunub saxlanılmasına, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə yönəlmiş işlərin həcmi o qədər böyükdür ki, heç bir nəşrə sığmaz. Odur ki, bu vəsaitdə görülmüş işlərə yalnız qısa ekskurs edilib, bu sahədə yaradılmış geniş qanunvericilik bazasının xülasəsi verilib.
Görüşün ümumi təşkilati hissəsi və konseptual izahları isə Mərkəzin baş mütəxəssisi Cahandar Quluzadə tərəfindən təqdim olunub. Görüş zamanı könüllü qrupların gələcək fəaliyyətinin planlaşdırılması və koordinasiyası istiqamətində növbəti addımlar da müəyyənləşdirilib.