Elmi-Məsləhət Şurasının 09.12.2025-ci il tarixli 14-cü iclası

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının 9 dekabr 2025-ci il tarixli iclası keçirilmişdir.
Açılış nitqində çıxış edən Şuranın sədri, Baş prokuror Kamran Əliyev bildirmişdir ki, Konstitusiya dövlətimizin suverenliyini, idarəçilik sisteminin sabitliyini və cəmiyyətin hüquqi inkişaf prinsiplərini müəyyən edən əsas sənəddir. Baş prokuror vurğulamışdır ki, müasir Azərbaycan dövlətinin möhkəm təməli Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsi üzərində qurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttini bu gün yüksək səviyyədə və böyük siyasi iradə ilə davam etdirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevdir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində suverenliyin möhkəmləndirilməsi, qanunçuluğun təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur. O, çıxışında vurğulamışdır ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr cəmiyyətin hüquqi maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və sosial rifahın yüksəldilməsi baxımından xüsusilə əhəmiyyət kəsb edir.
Daha sonra Şuranın katibi Nigar Qələndərli iclasın gündəliyində duran məsələlər, müzakirə olunacaq mövzular, Şuranın tərkibində aparılmış dəyişikliklər barədə iştirakçıları məlumatlandırmışdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov “Azərbaycan Konstitusiyasında dövlət suverenliyi prinsipinin hüquqi əsasları” mövzusunda çıxış edərək suverenlik prinsipinin hüquqi mahiyyəti barədə məlumat vermişdir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev “Azərbaycan Respublikasının Konstitusiyası və insan hüquqları” mövzusunda çıxışında fundamental hüquqların müdafiə yanaşmalarına toxunmuşdur. Milli Məclisin deputatı Kamal Cəfərov “Korrupsiyanın qarşısının alınmasında Azərbaycan modeli” mövzulu məruzəsində bu sahədə aparılan islahatlar və tətbiq edilən mexanizmlər barədə məlumat vermişdir. Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri Tahir Kazımov Cinayət Məcəlləsinin 178-ci maddəsinə dəyişikliklərin edilməsinin zərurəti barədə çıxış etmiş, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova dövlət hesabına təyin edilmiş müdafiə mexanizmlərində mövcud problemləri diqqətə çatdırmışdır. Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev isə cinayət təqibi üzrə icraatın dayandırılması praktikasında rast gəlinən aktual məsələlər barədə məlumat vermişdir.
Tədbir zamanı prokurorluğun elmi-tədqiqat və metodiki fəaliyyətinə dair yeni nəşrlər və elektron resurslar təqdim olunmuşdur. Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev “Prokurorluq orqanlarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində ölkədaxili əməkdaşlıq təcrübəsi” adlı vəsaiti təqdim edərək nəşrin hazırlanma mərhələləri, əhatə etdiyi istiqamətlər və metodik töhfələri barədə geniş məlumat vermişdir. Şöbə rəisi Nigar Qələndərli “Prokuror nəzarəti və prosessual rəhbərlik təcrübəsi” jurnalını təqdim edərək jurnalın prokurorluq orqanlarında aparılan elmi-analitik araşdırmaların sistemləşdirilməsi, müsbət təcrübənin yayılması və kadr potensialının inkişafı baxımından önəmini vurğulamışdır. Mərkəzin şöbə prokuroru Fərizə Mirzəyeva “Qlobal ədalətə doğru: Beynəlxalq Prokurorlar Assosiasiyası və Azərbaycan Prokurorluğu” kitabını təqdim etmiş, nəşrdə Assosiasiyanın beynəlxalq fəaliyyət istiqamətləri, Azərbaycan Prokurorluğunun üzvlük çərçivəsində həyata keçirdiyi təşəbbüslər və hüquq sisteminə təsir edən müasir tendensiyalar barədə məlumatların əhatəli şəkildə təhlil olunduğunu qeyd etmişdir. Həmçinin idarə prokuroru Mahmud Mehdiyev “Kriptovalyutanın aşkarlanması, izlənməsi və müsadirəsi”, Mərkəzin şöbə prokuroru Rəşad Qasımov isə mənimsəmə və qulluq mənafeyi əleyhinə cinayətlər üzrə metodiki vəsaiti təqdim edərək vəsaitin istintaq və ibtidai araşdırma proseslərinin təkmilləşdirilməsinə töhfə verən praktiki yanaşmalarla zəngin olduğunu bildirmişdir. Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova Elektron Prokurorluq İnformasiya Sistemində yaradılmış “Hüquqi müzakirələr və təkliflər forumu” modulunun funksionallığı barədə məlumat vermişdir.
İclas çərçivəsində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” münasibətilə ali təhsil müəssisələri arasında keçirilmiş “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” adlı hüquq viktorinasında “Nominasiyalar” üzrə fərqlənmiş tələbələrin mükafatlandırılması mərasimi təşkil edilmiş və qaliblərə mükafatlar Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunmuşdur.
Tədbirin sonunda Şuranın sədri, Baş prokuror Kamran Əliyev yekun çıxışında vurğulamışdır ki, Konstitusiyanın dövlət suverenliyinin təmin edilməsində rolu, hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatların əhəmiyyəti və hüquq-mühafizə orqanlarının fəaliyyətində əsas istiqamətlər daim diqqət mərkəzində saxlanılmalıdır.