Zəngilanda Zəfərin 5-ci ildönümünə həsr olunmuş konfransda Şuranın üzvləri çıxış ediblər
5 noyabr 2025-ci il tarixində Zəngilan rayonunda Baş Prokurorluq tərəfindən “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilmişdir. Konfrans çərçivəsində Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri müzakirə panelində çıxış edərək Zəfərin hüquqi, siyasi və mənəvi əhəmiyyəti barədə öz baxışlarını bölüşmüşlər.
İlk çıxış edən Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova Azərbaycan qadınının Zəfərin mənəvi yükünü yaşadan və gələcək nəsillərə ötürən rəmz olduğunu vurğulamışdır. O, vəkillik institutunda fəaliyyət göstərən hüquqşünasların cəmiyyətdə ədalət mədəniyyətinin möhkəmləndirilməsində mühüm sosial-hüquqi missiya daşıdığını qeyd etmişdir.
DİN Polis Akademiyasının Cinayət prosesi kafedrasının rəisi, hüquq üzrə fəlsəfə doktoru Səyyad Ağayev çıxışında Zəfərin haqqın və hüququn üstünlüyünün tarixi təsdiqi kimi dəyərləndirildiyini bildirmişdir.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Namiq Əliyev Zəngilanın azad edilməsini Azərbaycan suverenliyinin dönməzliyinin rəmzi kimi qeyd etmiş və bu bölgədə həyata keçirilən bərpa və inkişaf strategiyasının milli ideoloji bütövlüyün təzahürü olduğunu vurğulamışdır.
Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev Zəfərin beynəlxalq hüquq müstəvisində ədalətin bərpasının ən parlaq nümunəsi olduğunu diqqətə çatdırmışdır. O bildirib ki, Qələbə Azərbaycan xalqının tarixi haqqının təsdiqi kimi qiymətləndirilməlidir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanov qeyd etmişdir ki, Zəfər milli kimlik və mənəvi yüksəlişdə yeni mərhələ formalaşdırmış, xalq yaddaşında nəsillər boyu yaşayacaq ideya-siyasi irs yaratmışdır.
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə Zəfəri Azərbaycan xalqının iradəsinin və dövlətçilik yaddaşının uca təcəssümü kimi təqdim etmiş, Qələbənin xalq-dövlət birliyinin real nəticəsi olduğunu vurğulamışdır.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyev çıxışında bildirmişdir ki, Zəfər hüquqi dövlətçilik modelində yeni inkişaf istiqamətləri açmış və post-müharibə dövründə hüquq sisteminin institusional məsuliyyət və funksional səmərəlilik baxımından daha da möhkəmlənməsinə zəmin yaratmışdır.
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini, iqtisad üzrə fəlsəfə doktoru, hüquq elmləri doktoru Mirəli Kazımov azad edilmiş ərazilərdə həyata keçirilən “yaşıl bərpa” və davamlı inkişaf siyasətinin Zəfərin gələcəyə yönəlmiş strateji mahiyyətini əks etdirdiyini qeyd etmişdir. O həmçinin “Qarabağ Azərbaycandır!” kitabının tarixi həqiqətin hüquqi əsaslarda möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulamışdır.
Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru Elçin Xələfov Zəngilanın bərpasının dövlətin gücünü və milli həmrəyliyi nümayiş etdirdiyini bildirmiş və “Qarabağ Azərbaycandır!” adlı nəşrin Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin elmi-metodik dəstəyi ilə hazırlanmasının hüquqi-ideoloji baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
Qarabağ Universitetinin birinci kurs tələbəsi Ayan Əliyeva çıxışında qeyd etmişdir ki, Qarabağda təhsil almaq hər bir gənc üçün Zəfərin mənasını dərindən dərk etmək, bu torpağın tarixi yaddaşını və qələbə irsini şəxsən yaşamaq imkanı yaradır. O vurğulamışdır ki, bu mühit gənc nəslin dövlətçilik dəyərləri, milli məsuliyyət hissi və vətənə sədaqət ruhunda formalaşmasına xidmət edən əvəzsiz tarixi məktəbdir.
Müzakirələrdən sonra yekun nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev qeyd etmişdir ki, Zəfər, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın birliyi və Ordumuzun igidliyi sayəsində əldə edilmiş tarixi nəticədir. Bu Qələbə, həm dövlətçilik ənənələrinin möhkəmlənməsi, həm də milli kimlik dəyərlərinin və ictimai həmrəyliyin daha da güclənməsi baxımından strateji əhəmiyyətə malikdir. Zəfərin dəyəri gələcək nəsillərdə vətənə bağlılıq və dövlətə sədaqət hissinin davamlı mənəvi dayaqlar üzərində formalaşmasına xidmət edən mühüm tarixi irs kimi yaşayacaqdır.

