ŞURANIN FƏALİYYƏTİ

Zəngilanda “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilib

5 noyabr 2025-ci il tarixində Zəngilan rayonunda Baş Prokurorluq tərəfindən “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar Zəngilan rayonunun Ağalı kəndində Ulu Öndər Heydər Əliyevin ucaldılmış büstünü və Zəngilan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək Ulu Öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Ziyarətdən sonra tədbir Zəngilan Konqres Mərkəzində davam etdirilib. Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxışında tarixi Zəfərin Azərbaycan xalqının birliyi, dövlət-ordu həmrəyliyi və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl şəkildə həyata keçirilməsi nəticəsində əldə olunduğunu qeyd edib. Baş prokuror, həmçinin, Birinci vitse-prezident Mehriban Əliyevanın müharibə və postmüharibə dövründə həyata keçirdiyi humanitar və mənəvi liderlik fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Konfransda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq tədbirləri barədə Zəngilan, Qubadlı və Cəbrayıl rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev məlumat verib.
Azərbaycan Respublikasının Hərbi prokuroru, Baş prokurorun müavini Bəhruz Əhmədov Vətən müharibəsi və postmüharibə dövründə hərbi prokurorluq orqanları tərəfindən həyata keçirilən hüquqi nəzarət tədbirlərini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi, Elmi-Məsləhət Şurasının üzvü Azər İbrahimov çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə illər boyu ardıcıl şəkildə həyata keçirilmiş hərbi quruculuq siyasətinin, orduda peşəkarlığın, nizam-intizamın və idarəetmə sistemində şəffaflığın möhkəmləndirilməsinin nəticəsi olub. O qeyd edib ki, döyüş hazırlığının və operativ imkanların artırılması istiqamətində atılan mühüm addımlar Azərbaycan Ordusunun həm müharibə dövründə, həm də postmüharibə mərhələsində yüksək peşəkarlıqla xidmət aparmasına və dövlətin suverenliyinin etibarlı şəkildə qorunmasına xidmət edir.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qubadlı Əlahiddə Sərhəd Diviziyasının komandiri Azad Abdullayev sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlərdən söhbət açıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Zəfərinin siyasi və mənəvi əhəmiyyətini xüsusi vurğulayıb.
Zəngilan rayon prokuroru Qibləli Kərimov rayonun azad edilməsindən sonra prokurorluq orqanlarının fəaliyyətinin təşkili barədə məlumat verib.
Konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi, Elmi-Məsləhət Şurasının katibi Nigar Qələndərli tərəfindən “Qarabağ Azərbaycandır!” kitabının II cildinin təqdimatı keçirilib. Nəşrdə Vətən müharibəsi və postmüharibə dövründə hüquq-mühafizə orqanlarının fəaliyyəti, ədalətin təmin olunması və beynəlxalq hüququn tətbiqi məsələləri geniş şəkildə işıqlandırılıb.
Tədbirin sonunda Zəfərin beşinci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib, mövzular üzrə müzakirələr aparılıb və tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkilib.