ŞURANIN FƏALİYYƏTİ

Laçın rayonunda “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Cari ilin avqust ayının 22-də Laçın rayonunda “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan Baş prokuror Kamran Əliyev qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu müstəqillik tariximizin ən mühüm və əlamətdar hadisələrindən biri olmaqla yanaşı, Ulu öndərin milli dövlətçilik qarşısındakı böyük xidmətlərinin biridir.
Baş prokuror vurğulamışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquqi islahatlar ardıcıl həyata keçirilmiş, dövlət suverenliyinin qorunması və bərpası istiqamətində mühüm addımlar atılmışdır. Qeyd olunmuşdur ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində işğaldan azad olunmuş ərazilərdə, o cümlədən konfransın keçirildiyi Laçın rayonunda genişmiqyaslı abadlıq və quruculuq işləri aparılir, Böyük Qayıdış strategiyası uğurla icra edilir.
Konfransda Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, Baş Prokurorluğun rəhbər heyəti, ərazi və ixtisaslaşdırılmış prokurorlar, Qarabağ Universitetinin tələbələri, eləcə də digər yerli və xarici qonaqlar iştirak etmişdirlər.
Tədbir çərçivəsində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunun prokuroru Əhmət Gökay Aktaş, Milli Məclisin deputatı Rövşən Muradov, Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani və Laçın rayon prokuroru İlqar Səadətov çıxış etmişlər.
Eyni zamanda konfransda Elmi-Məsləhət Şurasının üzvü, Qarabağ Universitetinin rektoru Şahin Bayramov da çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiya dövlət quruculuğu prosesində misilsiz əhəmiyyət kəsb etmişdir. O vurğulamışdır ki, bu tarixi sənəd müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirərək, ölkənin hüquqi, siyasi və sosial əsaslarını möhkəmləndirmiş, xalqımızın azad və firavan gələcəyinə təminat yaratmışdır.
Elmi-Məsləhət Şurasının digər üzvü, Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuq isə çıxışında qeyd etmişdir ki, Konstitusiya Azərbaycan xalqının iradəsini ifadə edən ali hüquqi akt olmuş, insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit etmişdir. O bildirmişdir ki, məhz bu müddəalar nəticəsində Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda ardıcıl və möhkəm addımlar atmışdır.
Konfransda Elmi-Məsləhət Şurası tərəfindən faydalı və əhatəli müzakirələr aparılmış, Şura üzvləri ölkəmizin dövlətçilik ənənələrinin inkişafına, hüquq-mühafizə sisteminin təkmilləşdirilməsinə dair elmi-nəzəri baxışlarını və praktik yanaşmalarını bölüşmüşlər.
Eyni zamanda, tədbir zamanı Şura üzvü, Ədliyyə nazirinin müavini Mübariz Əhmədov tərəfindən Baş prokuror cənab Kamran Əliyevə müasir müstəqil dövlətimizin banisi və memarı, ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən kitab hədiyyə etmişdir. Bununla yanaşı, Şuranın digər üzvü, Dövlət İdarəçilik Akademiyasının professoru Namiq Əliyev elmi-nəzəri tədqiqatların inkişafı istiqamətində müəllifi olduğu elmi əsəri təqdim etmişdir.

Tədbirin yekununda “Xalqın adamı” adlı sənədli film nümayiş etdirilmişdir.