ŞURANIN FƏALİYYƏTİ

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 22.09.2020-ci il tarixli iclası

Prokurorluğun əsas fəaliyyət istiqamətlərindən olan ibtidai araşdırmanın aparılması və məhkəmələrdə dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasının elmi-nəzəri əsaslarının müəyyən edilməsi, prokurorluğun fəaliyyətinə elmi cəhətdən köməklik göstərilməsi məqsədilə “Prokurorluq haqqında” Qanunun 40-cı maddəsinə əsasən Elmi-Məsləhət Şurasının təsis edilərək fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Elmi-Məsləhət Şurasının üzvlüyünə prokurorluq işçiləri ilə yanaşı, hüquqşünas alimlər, nüfuzlu hüquqşünaslar və digər hüquq mühafizə orqanlarının yüksək ixtisaslı və təcrübəli işçiləri seçilərək daxil edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Ali və Konstitusiya məhkəmələri, Daxili işlər, ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Komitəsi, BDU və digər, ümumilikdə 14 dövlət orqanı, ali təhsil və elm müəssisələrinə sorğular edilərək şuranın tərkibinə daxil edilməsi üçün nümayəndələrin ayrılması xahiş edilmişdir. Daxil olmuş təkliflər əsasında Şuranın tərkibi təsdiq edilərək ilk iclasının keçirilməsi təmin edilmişdir.

Belə ki, Baş prokurorun rəhbərliyi ilə 22.09.2020-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin konfrans zalında Elmi-Məsləhət Şurasının birinci iclası keçirilmişdir. İclasa dəvət edilən 30 üzvündən 28 üzvü iclasda iştirak etmişdir. Gündəliyə əsasən Şuranın fəaliyyətinin təmin olunması üçün təşkilati məsələlərin həlli və bununla bağlı təkliflər dinlənilmiş; Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verilmiş; Mərkəzlə hüquq-mühafizə orqanlarının akademiyaları və ali təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair təkliflər müzakirə edilmiş; “Maddi sübutların götürülməsi və qablaşdırılması taktikası, götürülmüş maddi sübutlarla bağlı ekspertiza növlərinin təyini məsələlərinə dair” müstəntiqin məlumat kitabçasının, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə istintaq edilən işlərin istintaq taktikasına dair” və “Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair” metodiki vəsaitlərin təqdimatı keçirilmişdir. İclas çərçivəsində Mərkəzin rəisi və böyük prokuroru çıxış etmişlər, şöbənin böyük prokuroru Elxan Əsgərov müəllifi olduğu vəsaitin təqdimatını keçirmiş, Şuranın iclası protokollaşdırılmışdır.