Dövri elmi-praktiki jurnalın və digər mətbu nəşrlərin
hazırlanması – 2020
Fəaliyyəti üçün məsul qurum kimi Baş Prokurorluğun Elm-Tədris Mərkəzi olan “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalın 2020-ci ilin 1-ci buraxılışının materialları hazırlanaraq nəşri həyata keçirilmişdir. Jurnalın rubrikalarında ölkənin ictimai-siyasi həyatında baş vermiş son əhəmiyyətli hadisələr, Baş Prokurorluqda və tabe prokurorluqlarda həyata keçirilən tədbirlər, prokurorluğun beynəlxalq əlaqələri, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə müvafiq materiallar yerləşdirilmişdir.
Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi dövri mətbu nəşrlərin hazırlanması ilə bağlı müasir çağırışlara cavab verən təşəbbüslər nəzərdən keçirilmiş, o cümlədən “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının forma və məzmun baxımından təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlərin davamı olaraq, Baş prokurorun 09.07.2020-ci il tarixli 10/76 №-li əmri ilə jurnalın redaksiya heyətinin yeni tərkibi təsdiqlənmiş, jurnalın strukturuna dəyişikliklər edilmişdir. Belə ki, jurnalın yeni strukturuna əsasən “Ölkədə” bölməsində respublikamızın gündəlik həyatında baş verən ən mühüm ictimai-siyasi, beynəlxalq xarakterli tədbirlər barədə məlumatlarla yanaşı, “Baş Prokurorluqda” bölməsində prokurorluğun rəhbər işçilərinin ən mühüm görüşləri, keçirdikləri əməliyyat müşavirələri, habelə tabe qurumların fəaliyyəti (əsasən ictimai tədbirlər, görüşlər, seminarlar və s.) geniş işıqlandırılmışdır.
“Prokurorluq və cəmiyyət” bölməsində Baş Prokurorluğun Mətbuat xidmətinin cəmiyyətdə maraq və ictimai rezonans doğuran ən mühüm cinayət hadisələri barədə verdiyi açıqlamalar,
“Beynəlxalq əlaqələr” bölməsində isə prokurorluğunun beynəlxalq əlaqələri, xarici səfərlər, təlimlər, əməkdaşlıq məsələləri, xarici ölkələrin prokurorluq və əlaqəli orqanları əməkdaşlarının ölkəmizə səfərləri barədə məlumatlar yerləşdirilmişdir.
Yeni yaradılmış “Prokurorluğun veteranları” bölməsində prokurorluq orqanlarında işləmiş və hazırda təqaüddə olan və ya dünyasını dəyişmiş əməkdaşlar haqqında bioqrafik materiallar, xatirələr, memuarlar, oçerklər; “Həmkarlarımız” bölməsində isə digər hüquq mühafizə, məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı maraq və əhəmiyyət kəsb edən xəbərlər (peşə bayramı, görüşlər, işə qəbul və s.) dərc edilmişdir.
Bundan başqa, Baş Prokurorluğun “İstintaq təcrübəsi” bülleteninin birinci nömrəsi üzrə mətbu nəşrin redaksiya heyətinin diqqətini qüsur və çatışmazlıqlara yönəltməklə, Mərkəz tərəfindən onun nəşr edilib yayılmasının məqsədə uyğunluğu barədə 18.12.2020-ci il tarixli rəy verilmişdir.
Həmçinin müvafiq redaksiya heyəti tərəfindən hazırlanmış Baş Prokurorluğun “Dövlət ittihamının müdafiəsi təcrübəsi” bülleteninin birinci nömrəsi üzrə Mərkəz tərəfindən onun nəşr edilib yayılmasının məqsədə uyğunluğu barədə 21.12.2020-ci il tarixli rəy verilmişdir.