METODİKİ İŞ

“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti, bu sahədə milli və beynəlxalq müstəvidə aktual problemlərin həlli yolları” adlı kitab

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti, bu sahədə milli və beynəlxalq müstəvidə aktual problemlərin həlli yolları” adlı kitab Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin tapşırığı ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin bir qrup işçisi tərəfindən “Azərbaycan Respublikasının prokurorluq orqanlarında metodik ədəbiyyatın nəşri Qaydaları”nın tələblərinə uyğun olaraq hazırlanmışdır. Belə ki, Qaydaların 3.3-cü bəndi nəzərə alınaraq, aktual olan, prokurorluq işçilərinin mütəmadi rastlaşdıqları çətinliklərin aradan qaldırılması üsul və qaydalarına həsr olunmuş müasir elmi və praktiki nailiyyətlərin tətbiqini nəzərdə tutan mövzuya üstünlük verilmiş; Qaydaların 4.1-ci bəndinə görə nəşrin hazırlanması üçün tələb olunan ədəbiyyat və digər məlumat mənbələrinin dairəsi müəlliflər tərəfindən müəyyən edilmiş; Qaydaların 4.2-ci bəndinə uyğun olaraq isə zəruri olan statistik, analitik və digər məlumatlar Baş Prokurorluğun müvafiq qurumlarından əldə edilmişdir.
Kitab 1 (bir) cild, 123 səhifədə olmaqla, üzlükdən, titul vərəqindən, annotasiyadan, mündəricatdan, əsas mətndən, istifadə olunmuş ədəbiyyatın siyahısından və son səhifədən ibarətdir. Əsas mətn 11 fəslə və 9 bəndə bölünmüşdür:

  • Narkotik vasitələr və narkomaniya haqqında ümumi məlumat, problemin mahiyyəti və aktuallığı
  • Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin strategiyası
  • Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə üzrə beynəlxalq sənədlər
  • Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizənin hüquqi bazası
  • Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizənin statistikası
  • Beynəlxalq statistika
  • Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində beynəlxalq təcrübə
  • Profilaktik işlər, bu sahədə beynəlxalq təcrübə
  • Narkoman xəstələrin aşkar olunması, qeydiyyatı, bu sahədə beynəlxalq təcrübə
  • Narkotik asılılığının məcburi müalicəsi, bu sahədə beynəlxalq təcrübə
  • Narkoloji xidmətin təşkili, bu sahədə beynəlxalq təcrübə
  • Cəza siyasəti, bu sahədə beynəlxalq təcrübə və onun implementasiya imkanları
  • Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi təcrübəsi barədə
  • Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə yol verilən tipik qanun pozuntuları, bu sahədə beynəlxalq təcrübə
  • 2019 – 2020-ci illər və 2021-ci ilin birinci yarımili ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı aparılmış təhlil
  • 2019 – 2020-ci illərdə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı statistik göstəricilər
  • 2021-ci ilin birinci yarımilində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı statistik göstəricilər
  • Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizəyə dair təkliflər
  • Qanunvericilik sahəsində təkliflər
  • Preventiv tədbirlər sahəsində təkliflər.

Bu nəşrin ərsəyə gəlməsi üçün ilk öncə narkomanlığın aktual problemlərinin mahiyyəti müəyyən edilmiş, buna qarşı aparılan mübarizənin milli strategiyası nəzərdən keçirilmiş, narkomanlıqla mübarizə sahəsində beynəlxalq təcrübə öyrənilmişdir. Daha sonra ölkə üzrə narkomanlığa qarşı cinayətlərin 2019 – 2020-ci illəri, eləcə də 2021-ci ilin birinci yarım ilini əhatə edən statistik məlumatları əldə edilmiş, həmin məlumatlar cəzanın tətbiqi təcrübəsi ilə bir kontekstdə təhlil edilmiş, təhlil nəticələri qrafikləşdirilmiş, təhlillə aşkar edilmiş tipik qanun pozuntularının preventiv tədbirlərlə və qanunvericiliklə aradan qaldırılması üçün çox saylı təkliflər irəli sürülmüşdür.
Kitab həmçinin mətninə uyğun şəkil və cədvəllərlə, illüstrasiya və qrafiklərlə zəngindir, onun tərtibi zamanı biblioqrafik istinadlara, nömrələnməyə, şərti işarə, simvol, vahid və terminlərin qoyuluşuna Qaydalara uyğun olaraq düzgün əməl edilib.
Kitabda olan kriminoloji məlumatlar və onların əhəmiyyəti nəzərə alınaraq, nəşrdən hüquq-mühafizə orqanlarında, eləcə də hüquq sahəsində ixtisaslaşmış təhsil və tədris müəssisələrində istifadə edilməsi mümkündür.