TƏDQİQATLAR

Başa çatmayan cinayət törətmiş şəxslərin məsuliyyətinin müəyyən edilməsinə dair qanun normalarının, elmi-nəzəri və metodiki biliklərin tətbiqi təcrübəsinin təhlili

Azərbaycan Respublikası Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin (bundan sonra – Mərkəz) 2020-ci ilin birinci yarımilinə dair üçün iş planının 3-cü bəndində “Başa çatmayan cinayət törətmiş şəxslərin məsuliyyətinin müəyyən edilməsinə dair qanun normalarının, elmi-nəzəri və metodiki biliklərin 2019-cu il ərzində tətbiqi təcrübəsini təhlil etmək, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üçün təklifləri hazırlamaq “ adlı tədbir nəzərdə tutulmuşdur.
İş planında tədbirin icrasına məsul qurum kimi Mərkəzin Mütəşəkkil cinayətkarlıqla mübarizənin problemləri kafedrasının və icra müddəti 2020-ci ilin yanvar – iyun ayları müəyyən edilmişdir.
İş planının icrası ilə əlaqədar tabe rayon (şəhər) prokurorluqlarına Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininin imzası ilə məktub göndərilərək 2019-cu il ərzində prokurorluq orqanlarında istintaq olunmuş həyat və sağlamlıq əleyhinə olan cinayət işləri üzrə CM-nin 28 və 29-cu maddələri ilə başlanılaraq istintaq edilmiş, məhkəməyə göndərilmiş, dayandırılmış və ya xitam edilmiş cinayət işləri üzrə müvafiq qərarların, habelə ittiham aktlarının və məhkəmə hökmlərinin Mərkəzə göndərilməsi təklif olunmuşdur.
Məktubun icrası qaydasında 34 tabe rayon (şəhər) prokurorluqlarında istintaq olunan 67 cinayət işi üzrə qərarların, habelə ittiham aktlarının və məhkəmə hökmlərinin elektron versiyasının Mərkəzə göndərilməsi təmin edilmiş və həmin sənədlər əsasında təhlil həyata keçirilmişdir. Dıgər tabe rayon (şəhər) prokurorluqlarından daxil olan məktublarda isə 2019-cu il ərzində tələb olunan kateqoriyalar üzrə cinayət işlərinin istintaq olunmaması barədə məlumatlar daxil olmuşdur.
İş planının icrası istiqamətində 14 təhlil meyarı əsasında struktur tərtib edilərək, işçi qrupunun fəaliyyət istiqamətləri müəyyənləşdirilməklə icraya yönəldilmişdir.
Təhlilin nəticəsinə dair 16 səhifəlik yekun arayış tərtib edilmişdir. Arayışda maddi və prosessual pozuntular 3 qrup üzrə təsnifatlaşdırılmışdır. Təhlilin nəticələri üzrə aşkar edilmiş pozuntuların əsas hissəsi – əməlin düzgün tövsif edilməməsi ilə bağlı olmuşdur. Belə ki, təhlilin istiqamətləri müəyyən edilərkən, ən əsas meyar tövsif məsələləri, cinayət törətmiş şəxsin niyyəti, onun niyyətinin başa çatdırıb-çatdırmaması imkanları, buna imkanının olub-olmaması kimi elementlər, obyektiv cəhətin yerinə yetirilməməsinin səbəbləri, niyyətinin tamamlanmasının səbəbləri və sair məsələlər müəyyənləşdirilmişdir.
Eyni zamanda materiallar öyrənilərkən prosessual sənədlərin tələb olunan qaydada tərtib olunması, sənədlərin natamamlığı, qərarlarda hüquq leksikonundan kənar terminlərdən, eləcə də qeyri-müəyyənlik yaradan sözlərdən istifadə olunması, leksik səhvlər, terminoloji xətalar kimi detalların aşkar olunaraq nöqsan kimi qeyd olunması təhlil qrupuna tövsiyə olunmuşdur.
Bundan əlavə ən əsas detal kimi təqsirkar şəxsin niyyətinin qəsdən adam öldürmə yox, qeyri müəyyən niyyətlərlə əhatə olunması kimi detalları araşdırmaq təhlil meyarlara daxil edilərək icraya yönəlmişdir. Bundan əlavə təhlil meyarları müəyyənləşdirilərkən "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarına istinad olunmuş, habelə həyat və sağlamlıq əleyhinə olan başa çatmayan cinayətlər üzrə MDB və dünya alimlərinin elmi-praktiki tədris vasitələri və digər elmi ədəbiyyatlar öyrənilmişdir.
Plan tədbirinin icrası zamanı aşkar edilmiş nöqsan və qüsurların qarşısının alınması üçün qərara alınmışdır ki, qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində təhlil materialları nəzərə alınsın.
Həmçinin bu məlumatlar Mərkəzdə təşkil olunan tədris tədbirlərində istifadə edilmişdir.