Gömrük əməkdaşları üçün antikorrupsiya davranış modelinin formalaşdırılması üzrə təlim keçirilib
2025-ci ilin iyun ayının 19 və 20-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən gömrük orqanlarının əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim təşkil edilib.
Elm-Tədris Mərkəzində baş tutmuş bu tədbirdə Baş Prokurorluğun təcrübəli əməkdaşları və Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndəsi təlimçi qismində iştirak ediblər. Dinləyici qismində isə təlimə Komitənin İnsan Resursları İdarəsinin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin, Daxili Təhlükəsizlik İdarəsinin Xidməti araşdırma şöbəsinin, Baş Gömrük Mühafizə Xidmətinin Əməliyyat şöbəsinin və digər şöbələrinin əməkdaşları cəlb ediliblər.
Təlim zamanı Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev “Qulluq mənafeyi əleyhinə olan cinayətlər üzrə cinayət tərkibinin əlamətləri”, Mərkəzin böyük prokurorları İradə Xəlilova və Nigar Əskərova müvafiq olaraq “Etik davranış qaydalarına riayət olunmasının korrupsiyaya qarşı təsiri” və “Konstitusion hüquq normalarının aliliyinin təminində və ictimai maraqların qorunmasında prokurorluğun rolu” mövzularında çıxışlar ediblər.
Təlimdə 39 dinləyiciyə müasir texnologiyalardan istifadə etməklə, ictimai maraqların qorunmasında prokurorluğun rolu, korrupsiyanın doğurduğu təhdidlər və ona qarşı mübarizənin əhəmiyyəti, etik davranış qaydalarına riayət olunmasının korrupsiya risklərinə təsiri, gömrük sahəsində korrupsiyaya qarşı mübarizədə preventiv tədbirlərin zəruriliyi, korrupsiya cinayətlərinin əlamətləri və ictimai təhlükəliliyi kimi aktual mövzular tədris olunub.
Tədbirin sonuncu günü dinləyicilər Baş Prokurorluğun kitabxanası, Zəfər muzeyi, kriminalistik laboratoriyası və avadanlıqları ilə tanış olublar.

