Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə bağlı interaktiv diskussiya keçirilib

Baş Prokurorluq tərəfindən cinayət təqibi ilə bağlı üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinə xüsusi diqqət yetirilir, belə əmlakın istintaq müddətində saz vəziyyətdə qorunub saxlanılması məqsədilə qeyd olunan sahənin təkmilləşdirilməsi üçün qanunvericilik təşəbbüsləri göstərilir.
Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşlarına cinayət işinin istintaqı zamanı üzərinə həbs qoyulmuş əmlakın düzgün idarə edilməsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində cari ilin iyunun 17 və 18-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən prokurorluq orqanlarının 98 əməkdaşının iştirakı ilə “Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi” mövzusunda internet üzərindən interaktiv diskussiya təşkil edilib.
Tədbirin əvvəlində Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev açılış nitqləri ilə çıxış ediblər. Ardınca həmin şöbənin böyük prokuroru Nigar Əskərova “Konstitusion hüquq normalarının aliliyinin təminində və ictimai maraqların qorunmasında prokurorluğun rolu” mövzusunda təqdimatla çıxış edib.
Sonrakı mərhələdə Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin əməkdaşları tərəfindən dinləyicilərlə interaktiv diskussiya aparılıb. Diskussiya zamanı ictimai maraqların qorunmasında prokurorluğun rolu, cinayət işləri üzrə üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə bağlı qanunvericilik tələbləri, cinayət təqibi zamanı bu əmlakın idarə olunması sahəsində dövlət qurumları arasında qarşılıqlı əlaqə və digər əlaqəli məsələlər ətrafında geniş müzakirələr keçilib.