Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizənin səmərəliyinin artırılması məqsədilə təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli 3770 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023 – 2025-ci illər üzrə Milli Fəaliyyət Planı” ölkəmizdə sözügedən əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə səylərin gücləndirilməsinə, bu sahədə müxtəlif iştirakçılar – məhkəmə və cinayət təqibi orqanları, nəzarət orqanları, digər səlahiyyətli qurumlar, habelə özəl sektor arasında əməkdaşlıq imkanlarının artırılmasına və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılmasına istiqamətlənən tədbirlərin sistemli və əlaqəli şəkildə həyata keçirilməsinə əlverişli şərait yaradır.
Ölkədaxili səviyyədə əlaqələndirilmiş mübarizə tədbirlərinin səmərəliyinin artırılması məqsədilə Maliyyə Monitorinqi Xidməti ilə birgə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən 2025-ci ilin iyunun 3-dən 5-dək prokurorluq, vergi və polis orqanlarının istintaq sahəsində fəaliyyət göstərən 125 əməkdaşı üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin sübut olunmasının spesifik xüsusiyyətləri” mövzusunda təlim təşkil edilib.
Əyani və distant formada keçirilmiş tədbirə təlimçi qismində Baş Prokurorluğun və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə yanaşı, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyev və Maliyyə Monitorinqi Xidmətinin Hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi Aytən Mirzəzadə cəlb edilib.
Təlim çərçivəsində dinləyicilərə CM-in 193-1 maddəsi ilə nəzərdə tutulmuş əməlin ictimai təhlükəliliyi, tərkib elementləri və tövsifi aspektləri, cinayət yolu ilə əldə edilmiş əmlakın və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə olunan vəsaitlərin müəyyən edilməsi və izlənilməsi üsulları, bu cür əmlakın və vəsaitlərin leqallaşdırılması çərçivəsində maliyyə istintaqının əhəmiyyəti, predikativ cinayətlər üzrə paralel maliyyə araşdırmasının xüsusiyyətləri, bu cür cinayət əməllərinin mənimsəmə və vergi cinayətləri ilə qarşılıqlı əlaqəsi, sözügedən cinayətlərin sübut olunması üzrə məhkəmə təcrübəsi, eləcə də digər aktual mövzular tədris edilib.

Təlimin sonunda tədbir iştirakçıları əldə etdikləri biliklərdən razı qaldıqlarını ifadə ediblər və onlar üçün 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereyaya ekskursiya təşkil edilib.