DİN-nin Daxili Qoşunlarının Hərbi İnstitutunda müəllim heyətinin və kursantlarının iştirakı ilə maarifləndirici tədbir keçirilib
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Baş Prokurorluq tərəfindən silsilə tədbirlər görülməkdədir. Əsas strateji hədəflərə çatmaq üçün korrupsiyaya qarşı mübarizədə maarifləndirmə işini xüsusi əhəmiyyəti vardır. Bu səbəbdən göstərilən fəaliyyət istiqaməti ictimaiyyətimizin bütün təbəqələrini əhatə edir. Qeyd edilənlərin davamı olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin dəstəyi ilə 27.05.2025-ci il tarixdə DİN-nin Daxili Qoşunlarının Hərbi İnstitutunda 100-ə yaxın kursantının və müəllim heyətinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə “Korrupsiyanın mahiyyəti, onun cəmiyyətə təsiri və ona qarşı mübarizənin zəruriliyi” mövzusunda, eləcə də Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Fərid Qarakişiyev “Hərbi sahədə korrupsiya hüquqpozmalarına qarşı preventiv tədbirlərin əhəmiyyəti” mövzusunda dinləyicilər qarşısında mühazirələrlə çıxış ediblər, sözügedən sahə ilə bağlı iştirakçılar üçün maraq doğuran suallar ətraflı cavablandırılıb.