Baş Prokurorluqda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün təlim keçirilib
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illəri əhatə edən dövlətimizin Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də Baş Prokurorluq digər dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə bu sahədə daimi profilaktiki tədbirlər keçirir, korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönələn addımlar atır.
Qeyd olunan fəaliyyətin davamı olaraq cari ilin mayın 26-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.
Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərlinin, şöbənin böyük prokuroru Çingiz Əli-zadənin, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyevin, Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamillinin və Sumqayıt şəhər prokurorunun müavini Yusuf Novruzovun təlimçi qismində iştirak etdiyi bu tədbir çərçivəsində dinləyicilərə cinayət mühakimə icraatda prokurorluğun rolu və imkanları, korrupsiyanın anlayışı və onun cəmiyyətə təsiri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi və digər aktual məsələlər tədris edilib. Tədbir zamanı dinləyicilər tədris edilmiş mövzulara maraq göstərərək, onları maraqlandırılan suallar ətraflı cavablandırılıb.
Tədbir çərçivəsində Nazirliyin nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb, Nazirliyin əməkdaşları Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılmış iş şəraiti, tarixi-memorial qalereya, kitabxana, istintaq otaqları, kriminalistika texnikası və kriminalistik avtomobil ilə tanış olublar.
Qeyd edilməlidir ki, sözügedən tədbirin ərsəyə gəlməsində Mərkəzin böyük məsləhətçisi Rafiq Quliyevin və baş mütəxəssisi Toğrul Alıyevin xüsusi əməyi olub.