“Dövlət qulluğunda etik davranış qaydaları və prinsipləri” mövzusunda təlim keçirilib
Prokurorluq orqanlarında etik davranış qaydalarına, nümunəvi dövlət qulluqçusu kimi peşəkar davranışın tələblərinə riayət olunmasına böyük önəm verilir.
Bu məqsədlə, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Kadrlar idarəsi ilə birgə 2025-ci ilin 8, 15, 21 və 22 may tarixlərində prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan işçilər üçün “Dövlət qulluğunda etik davranış qaydaları və prinsipləri” mövzusunda distant formada təlim keçirilib.
Təlimə prokurorluq orqanlarının 400-dən artıq dövlət qulluqçusu dinləyici qismində qatılıb, Baş Prokurorluğun etik davranış qaydaları sahəsində nəzəri və praktiki biliklərə malik işçiləri isə təlimçi qismində cəlb edilib.
Mühazirə və təqdimat formasında həyata keçirilmiş təlim çərçivəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə dövlətçilik tarixində yeni mərhələ, etik davranış qaydalarının mahiyyəti, dövlət qulluqçularından bu sahədə gözlənilən davranış modeli və tələblər, sosial mediada dövlət qulluqçularının davranışının etik xüsusiyyətləri və dövlət qulluqçularının kollektiv daxili ünsiyyət qaydaları ilə bağlı mövzular tədris edilib.
Təlim zamanı dinləyicilər tədris edilmiş mövzulara maraq göstərib və onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb.