“Kriminalistik bilik və bacarıqların təcrübədə tətbiqi” mövzusu üzrə treninqlər keçirilib

Kriminalistika digər hüquq elmləri ilə yanaşı cinayətkarlıqla mübarizə üzrə ön sıralarda olan elmdir. Kriminalistika xüsusi biliklər əsasında cinayətlərin üstünün açılması, izlərinin aşkarlanması və araşdırılması üzrə əsaslandırılmış elmi metodlar və vasitələr işləyib hazırlayır və onların təcrübədə tətbiqinə zəmin yaradır. Odur ki, kriminalistika əməliyyat-axtarış fəaliyyətinin subyektlərini, təhqiqat, istintaq və məhkəmə orqanlarını cinayət işləri üzrə qarşılarında duran vəzifələri həll etmək üçün səmərəli metod və vasitələrlə təmin edir. Kriminalistika elminin inkişafı cinayətkarlığa qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir, elmi-texniki tərəqqinin nailiyyətlərindən bəhrələnir. Cinayətlərin tez bir zamanda açılması və düzgün araşdırılması kriminalistik texnika, taktika və istintaq metodikasının vaxtında səmərəli istifadə edilməsindən asılıdır. 
Bu səbəbdən Baş Prokurorluğun rəhbərliyi gənc prokurorluq əməkdaşlarının bu sahədəki biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlayır.
2025-ci ilin 19 və 23 may tarixlərində Baş prokurorun müvafiq Sərəncamına uyğun olaraq son beş il ərzində prokurorluq orqanlarına qulluğa qəbul edilərək tabe rayon (şəhər) prokurorluqlarında müstəntiq və böyük müstəntiq vəzifələrində işləyən 83 işçi üçün internet üzərindən onlayn rejimdə “Kriminalistik bilik və bacarıqların təcrübədə tətbiqi” mövzusu üzrə treninqlər keçirilmişdir.
Tədbirə Mərkəzin işçiləri ilə yanaşı, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin təcrübəli işçiləri təlimçi qismində cəlb edilmişlər. Treninqlər çərçivəsində şəxsin və əşyanın tanınması istintaq hərəkətlərinin keçirilməsinin taktikası və sənədləşdirilməsi, odlu silah tətbiq etməklə törədilən cinayətlər, habelə partlayış və yanğın hadisələri üzrə hadisə yerinə və meyitə baxış keçirilməsinin taktikasi, intihar hallarında istintaq hərəkətlərinin qaydası, həqiqətin əldə olunması üçün ekspertizanın düzgün təyin edilməsinin əhəmiyyəti, eləcə də maraq doğuran digər aktual mövzular tədris obyekti olmuşdur.
Treninqlər zamanı dinləyiciləri maraqlandırılan suallar ətrafında fikir mübadiləsi aparılmışdır.