Prokurorluq əməkdaşları Beynəlxalq Prokurorlar Assosiasiyasının vebinarlarında iştirak ediblər

Prokurorluq orqanlarını ixtisaslı kadrlarla təmin etmək, işçilərin nəzəri və peşə hazırlığını artırmaq məqsədilə yerli və xarici dövlətlərin, habelə beynəlxalq təşkilatların təhsil sistemindən istifadə olunur.
1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyana ofisində təsis edilən Beynəlxalq Prokurorlar Assosiasiyası 177 ölkənin prokurorluq orqanlarını və 350 mindən artıq prokurorlarını birləşdirən ilk və yeganə təşkilatdır.
Təşkilatın əsas məqsədi transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə sahəsində prokurorlar arasında daha sürətli, səmərəli və işgüzar əlaqələrin qurulmasında vasitəçilik etməkdir. Onun müasir və yüksək texniki imkanları olan tədris portalında dünyada tanınmış hüquqşünasların, prokurorların, məhkəmə hakimlərinin və digər peşəkar əməkdaşların iştirakı ilə aktual məsələləri əhatə edən vebinarlar təşkil olunur.
Assosiasiya fəaliyyətə başladığı andan onunla işgüzar münasibətlər yaradılmış, 1998-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluğu Assosiasiya təşkilati üzv kimi qəbul edilib və bu əməkdaşlıq bütün sahələr üzrə uğurla davam etdirilir.
Təkcə 2025-ci ilin ilk 5 ayı ərzində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin dəstəyi ilə 32 prokurorluq işçisi “Polis orqanlarında korrupsiya hüquqpozmaları ilə bağlı işlər üzrə cinayət təqibi”, “Kibercinayətkarlığa qarşı mübarizə sahəsində kompleks yanaşma”, “Universal yurisdiksiya – ümumi baxış”, “İsveçrədə kibercinayətkarlığa görə cinayət təqibi: maneələr və çağırışlar” kimi mühüm və aktual mövzuları əhatə edən vebinarların dinləyicisi olublar. Keçirilmiş təlimlər iştirakçılar üçün həm nəzəri, həm də praktiki baxımdan böyük maraq doğurub, onların peşə biliklərinin artırılmasına və beynəlxalq təcrübə ilə tanış olmalarına şərait yaradıb.
Vebinarların habelə ingilis dilini bilən prokurorluq işçilərinin hüquqi cəhətdən danışıq bacarıqlarının və peşə biliklərinin artırılmasına xidmət etdiyi üçün Elm-Tədris Mərkəzi bu təcrübəni davam etdirməyi qarşıya məqsəd kimi qoyub.