Müasir informasiya texnologiyalarının tətbiqi prokurorluq orqanlarının fəaliyyətinin səmərəliyinə xidmət edir

Azərbaycan Respublikası Baş prokurorunun tapşırığına əsasən, habelə tədris və ya metodiki zərurət yarandığı halda Baş Prokurorluğun Elm-Tədris Mərkəzində informasiya texnologiyalarının tətbiqinin öyrənilməsi ilə bağlı mütəmadi olaraq fakültativ kurslar təşkil edilir. Bu növ kursların təşkili üçün ilkin olaraq kompüter vərdişlərinin mənimsənilməsinə daha çox ehtiyacı olan dinləyicilər müəyyən edilir, onların bu sahədəki bilik səviyyəsinə uyğun olaraq tədris proqramları hazırlanır. Bir qayda olaraq, bu növ kurslar bir neçə mərhələli, əyani və ya distant formada təşkil olunur.
Azərbaycan Respublikası Baş prokurorunun razılığı ilə bu kimi fakültativ kursların keçirilməsinə müvafiq sahədə pedaqoji təcrübəsi olan ali təhsil mütəxəssisləri və ixtisaslaşmış kurslar təşkil edən təşkilatların əməkdaşları da cəlb edilir.
2025-ci ilin aprel və may aylarında keçirilmiş növbəti kurslarda iştirak etmiş 144 hərbi və mülki prokurorluq işçiləri müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı mövzularla yaxından tanış olub, onlara Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi tərəfindən “Elektron prokurorluq” informasiya sistemində (EPİS) müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili tədris edilib, Elm-Tədris Mərkəzinin əməkdaşları tərəfindən EPİS-in təyinatı və məqsədi, sistemdən istifadə üçün elektron imzanın tətbiqi, proqramda sənədlərin tərtibi, daxili və kənar sənədlərin göndərilməsi, eləcə də İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalından (İHSAP) və Prokurorluğun Normativ Reyestrindən (PNR) istifadə qaydaları izah olunub.
Fakültativ kurslar çərçivəsində işçilər arasında təcrübə mübadiləsi aparılıb, maraqlandırılan suallar təlimçilər tərəfindən cavablandırılıb.