Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kibercinayətlərin istintaq metodikası ilə bağlı təlim keçirilib
Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” çərçivəsində ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir.
Kibertəhlükəsizlik sahəsində mübarizə potensialının artırılması və hüquq mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin təmin olunması məqsədilə 2024-cü ilin noyabr ayının 27-dən 29-dək Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 45 prokurorluq işçisi üçün “Kibercinayətlərin aşkar edilməsi və istintaq metodikası” mövzusunda əyani və distant formada təlim keçirilib.
Təlim çərçivəsində kiberməkanda dələduzluq cinayətlərinin ibtidai istintaq metodikası; kompyuter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə hallarının hüquqi tənzimlənməsi; kiberməkanda maddi cinayət hüquq normalarının beynəlxalq hüquqda tənzimlənməsi; kompyuter məlumatlarının saxtalaşdırılması cinayətinin xüsusiyyətləri; süni intellekt və maşın öyrənmə alətlərinin kibercinayətkarlıqla mübarizədə tətbiqi və sair mövzular tədris edilib.
Belə ki, dinləyicilərə Mərkəzin şöbə prokuroru Rəşad Qasımov yuxarıda qeyd olunan strategiyanın məqsədləri və prioritet istiqamətləri barədə geniş məlumat verib, Mərkəzin şöbə rəisi Əmir Ocaqverdiyev açıq mənbəli kəşfiyyat üsullarını (OSİNT) bildirib, Mərkəzin şöbəsinin böyük prokuroru Nigar Əskərova “Rəqəmsal sübutların toplanılması, təhlili və qorunması” mövzusunda çıxış edib.
Tədbirdə təlimçi qismində Baş Prokurorluğun əməkdaşları Qədir Məmmədov və Fəxrəddin Tağıyev ilə yanaşı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov və Vəkillər Kollegiyasının üzvü, vəkil Asif Mustafayev iştirak etməklə, qurumların əməkdaşları arasında təcrübə mübadiləsi aparılıb.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Mərkəzin şöbə rəisi Əmir Ocaqverdiyev dinləyicilərlə ətraf mühitin mühafizəsinin hüquqi əsasları barədə söhbət aparıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, əldə edilən bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilib.