Müstəntiqlər üçün “Cinayət təqibi zamanı uşaq hüquqlarının üstün mühafizəsi prinsipi” mövzusunda təlim keçirilib
18 və 19 may 2023-cü il tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq və daxili işlər orqanlarında müstəntiq vəzifəsində xidmət edən əməkdaşlar üçün “Cinayət təqibi zamanı uşaq hüquqlarının üstün mühafizəsi prinsipi” mövzusunda təlim keçirilmişdir.
Tədris tədbirinə təlimçi qismində Baş Prokurorluğun təcrübəli işçiləri ilə yanaşı Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də “Təmiz Dünya” qadınlara yardım ictimai birliyinin məsul əməkdaşları cəlb edilmişlər.
Təlim zamanı Elm-Tədris Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti” mövzusu üzrə çıxış etmiş, Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova “Yetkinlik yaşına çatmayanların intihar meylli davranışının qarşısı alınması” mövzusunda təqdimat keçirmişdir.
Həmçinin təlim çərçivəsində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020 – 2025-ci illər üçün Fəaliyyət Planı”, “Yetkinlik yaşına çatmayan şəxslərin cinayət törətməsinə təsir edən bioloji və sosial amillər”, “Yetkinlik yaşına çatmayanların barəsində cinayət məsuliyyətinin xüsusiyyətləri, cinayət prosesində onların hüquqlarının qorumasının prosessual təminatları”, “Yetkinlik yaşına çatmayanların cinayətləri ilə bağlı işlər üzrə məhkəmə təcrübəsi, cəza və tərbiyəvi xarakterli təbirlərin tətbiqi məsələləri”, “Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları” və digər aktual mövzular üzrə mühazirələr deyilmiş, dinləyiciləri maraqlandırılan suallar cavablandırılmışdır.