Baş Prokurorluq tərəfindən “Dələduzluq cinayətləri: vətəndaşların hüquqi məlumatlandırılması və preventiv tədbirlər” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən vətəndaşların hüquqi maarifləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində preventiv tədbirlərin gücləndirilməsi, eləcə də dələduzluq cinayətlərinin qarşısının alınması məqsədilə “Dələduzluq cinayətləri: vətəndaşların hüquqi məlumatlandırılması və preventiv tədbirlər” mövzusunda seminar təşkil olunub.
Seminarda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli, Tədrisə Dəstək sektorunun müdiri Oqtay Mirzayev, baş məsləhətçisi Rafiq Quliyev, habelə Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov mövzu üzrə çıxış edərək dələduzluq cinayətlərinin hüquqi mahiyyəti, aktual təzahür formaları və profilaktik mexanizmlər barədə ətraflı məlumat vermişlər.
Tədbirin əsas məqsədi son dövrlərdə, xüsusilə rəqəmsal mühitdə artan dələduzluq halları barədə vətəndaşların məlumatlandırılması, hüquqi savadlılığın artırılması, eyni zamanda dələduzluq cinayətlərinin törədilməsində istifadə olunan üsul və mexanizmlər barədə ictimaiyyətin düzgün şəkildə məlumatlandırılması olub.
Tədbir çərçivəsində iştirakçılara dələduzluq cinayətlərinin hüquqi mahiyyəti, bu cinayətlərin ən çox rast gəlinən formaları, habelə vətəndaşların aldadılaraq müxtəlif maliyyə və şəxsi məlumatlarının ələ keçirilməsi hallarına qarşı davranış qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, dələduzluq cinayətlərinin əksər hissəsi mobil telefon zəngləri, sosial şəbəkələr, saxta internet resursları, bank kartı məlumatlarının ələ keçirilməsi, eləcə də özünü dövlət qurumu və ya bank əməkdaşı kimi təqdim etməklə törədilən aldatma üsulları vasitəsilə həyata keçirilir.
Tədbir zamanı qeyd olunub ki, Baş Prokurorluğun fəaliyyət istiqamətlərindən biri olmaqla, bu sahədə müvafiq tədbirlər ardıcıl şəkildə davam etdiriləcəkdir.

