Baş Prokurorluqda “Elektron sübutlar və müasir kriminalistika” mövzusunda təlim keçirilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən cari ilin 13 və 18 fevral tarixlərində prokurorluq əməkdaşlarının rəqəmsal mühitdə istintaq fəaliyyətinə dair bilik və bacarıqlarının artırılması məqsədilə “Elektron sübutlar və müasir kriminalistika: prokurorluq əməkdaşları üçün praktik yanaşmalar” mövzusunda təlim təşkil olunmuşdur.
Təlimin başlanğıcında açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafının hüquq-mühafizə orqanlarının fəaliyyətinə birbaşa təsir göstərdiyini, xüsusilə istintaq prosesində elektron sübutların toplanması, saxlanılması və təhlilinin əhəmiyyətinin artdığını vurğulamışdır. O, dövlətimizin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin, eləcə də süni intellekt texnologiyalarının hüquq tətbiqetmə proseslərinə inteqrasiyasının müasir çağırışlara cavab vermək baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir.
Təlim internet üzərindən distant formada həyata keçirilmiş, təlimçi qismində Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarələrinin əməkdaşları iştirak etmişlər.
Təlim çərçivəsində “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi, rəqəmsal kriminalistika və elektron sübutların cinayət işləri üzrə toplanması və saxlanması, kibertəhlükəsizliyin təmin edilməsində süni intellekt texnologiyalarının tətbiqi, kibercinayətlərin aşkar edilməsi və araşdırılmasında süni intellektin imkanları, eləcə də rəqəmsal sübutların hüquqi qiymətləndirilməsi, açıq internet məkanı və sosial şəbəkələrdə mövcud risklər, informasiya təhlükəsizliyi və hüquqi məsuliyyət məsələləri üzrə geniş tədris aparılmışdır.
Ümumilikdə təlimdə 310 nəfər prokurorluq əməkdaşı dinləyici qismində iştirak etmişdir.
Tədbirin moderatorları Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin sektor müdiri Oqtay Mirzayev və Mərkəzin şöbə baş məsləhətçisi Rəfiq Quliyev olmuş, təlim zamanı iştirakçıların sualları cavablandırılmış, praktiki nümunələr əsasında müzakirələr aparılmışdır.