Vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün Baş Prokurorluğa təlim səfəri təşkil olunub

Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanında müvəffəqiyyət qazanmış və icbari təlimə cəlb olunan namizədlər üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təlim səfəri təşkil edilib.
Cari ilin 22 yanvar 2026-cı il tarixində keçirilən səfərdə vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün hazırlıq mərhələsində olan 64 namizəd iştirak edib.
Təlim səfəri çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən iştirakçılara prokurorluq orqanlarının hüquq sistemində tutduğu yer, konstitusion statusu və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, prokurorluq orqanları qanunçuluğun təmin edilməsi, cinayət təqibinin həyata keçirilməsi, istintaqa prosessual rəhbərlik, dövlət ittihamının müdafiəsi, eləcə də insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm rol oynayır.
Tədbir çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev çıxış edərək qanunçuluğun təmin edilməsində prokurorluğun rolu, habelə hüquq institutları arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığın təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli prokurorluq fəaliyyətinin əsas istiqamətləri və hüquqi dövlətin təmin edilməsində prokurorluğun əhəmiyyəti mövzusunda çıxış edib.
Təlim səfəri zamanı Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru Əmir Əliyev vəkillər kollegiyası ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq məsələlərinə toxunub.
Bununla yanaşı, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Tədrisə dəstək sektorunun müdiri Oqtay Mirzəyev prokurorluq orqanlarında informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib.
Daha sonra cinayət mühakimə icraatında prokurorluğun rolu və imkanları mövzusunda Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığın təşkili şöbəsinin böyük prokuroru Bəhruz İbrahimov və baş məsləhətçisi Rafiq Quliyev çıxış ediblər.
Səfər proqramına uyğun olaraq iştirakçılar Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılmış maddi-texniki və tədris şəraiti ilə tanış olublar. Onlara kriminalistika laboratoriyası, istintaq hərəkətlərinin aparılması üçün nəzərdə tutulmuş xüsusi otaqlar, zəngin elmi-hüquqi ədəbiyyat fonduna malik kitabxana, eləcə də Vətən müharibəsinə həsr olunmuş tarixi memorial qalereya barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, bu cür təlim səfərləri vəkilliyə namizədlərin prokurorluq orqanlarının fəaliyyəti, hüquq sistemində institusional yanaşmaları, eləcə də gələcək peşə fəaliyyətləri üçün zəruri olan praktik bilik və bacarıqların formalaşmasına mühüm töhfə verir.