Baş Prokurorluqda namizədlər üçün icbari təlim uğurla başa çatdırılıb
Azərbaycan Respublikasının prokurorluq orqanlarına 2025-ci ildə ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 15 dekabr 2025-ci il – 9 yanvar 2026-cı il tarixlərində icbari təlim təşkil olunmuşdur.
Təlimdə 51 namizəd iştirak etmişdir. Tədris prosesi yalnız prokurorluq əməkdaşları ilə məhdudlaşmamış, mühazirəçi qismində prokurorluğun rəhbər və təcrübəli işçiləri ilə yanaşı, daxili işlər, ədliyyə, fövqəladə hallar və səhiyyə orqanlarının mütəxəssisləri, Milli Məclisin deputatları, məhkəmə sədrləri, hakimlər, vəkillər, prokurorluğun veteranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də elmi dərəcəli professor-müəllim heyəti cəlb olunmuşdur.
İcbari təlim çərçivəsində iştirakçılar bir sıra dövlət qurumlarının fəaliyyəti ilə yerində tanış olmuş, prosessual hərəkətləri real şəraitdə müşahidə etmiş, həmçinin mədəni-maarifləndirici tədbirlərdə iştirak etmişlər.
Təlim müddətində mövzular dinləyicilər tərəfindən maraqla qarşılanmış, fəal müzakirələr aparılmışdır. 9 yanvar 2026-cı il tarixdə namizədlərin nəzəri bilik və peşə hazırlığı İmtahan Komissiyası tərəfindən müsahibə yolu ilə qiymətləndirilmişdir.

